Naxçıvan Dövlət Universitetinin (NDU) əməkdaşları-rektor məsləhətçisi Rəcəb Cəfərli və Elm və innovasiyalar şöbəsinin müdiri Elnarə Allahverdiyeva Portuqaliyanın Lissabon şəhərində bir həftəlik təlimlərdə iştirak ediblər. Mingəçevir Dövlət Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda Erasmus+ layihəsi çərçivəsində növbəti təlim səfəri Portuqaliyanın Ali Texniki İnstitutunda öz işini yekunlaşdırıb.

 

İşgüzar səfərdə layihədə iştirak edən 11 Azərbaycan  ali təhsil müəssisəsinin rektorları, prorektorları, inzibati və akademik heyət üzvləri, eləcə də layihənin İsveç, Polşa, İspaniya, Estoniyadan olan xarici tərəfdaş universitetlərinin nümayəndə heyəti iştirak ediblər. Təlimlərin əsas məqsədi innovasiya və sahibkarlıq fəaliyyətləri və tədbirlərinin universitetdə tətbiqinə dair Portuqaliya ali təhsil müəssisələrinin qabaqcıl təcrübələrinin öyrənilməsi olub.

 

5 günlük təlim proqramına uyğun olaraq iştirakçılar texnologiya mərkəzləri, sosial innovasiya laboratoriyası, texnologiya əsaslı sahibkarlıq proqramları kimi mövzularda təqdimatlarla tanış olaraq müzakirələr aparıb, o cümlədən  Lissabonda yerləşən bir sıra texnologiya laboratoriyaları və innovasiya mərkəzlərini ziyarət ediblər.

 

Təlimlərin yekununda isə layihənin cari vəziyyəti təhlil edilib, gələcək 6 ay üçün fəaliyyət planının qurulması istiqamətində fikir mübadiləsi aparılıb.