Mingəçevir Dövlət Universiteti (MDU) və  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Əmək Yarmarkası və MDU Birinci Məzun Forumu keçiriləcək.

 

Elm və Təhsil Nazirliyi, ƏƏSMN və Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə nəzərdə tutulan tədbir 2023-cü il noyabrın 3-də MDU-nun əsas tədris binasında təşkil olunacaq.

 

Bu günə olan məlumata görə, Əmək Yarmarkasında Mingəçevir şəhərində yerləşən 16 dövlət və özəl müəssisələr tərəfindən 165 vakansiya (o cümlədən MDU üzrə 14 vakansiya) təqdim olunacaq.

 

MDU tarixində ilk dəfə keçirilən Birinci Məzun Forumunun təşkilində əsas məqsəd məzunların və universitetin uğurlarını paylaşmaq, eləcə də universitet-məzun əlaqələrini inkişaf etdirmək üçün faydalı platformanı təmin etməkdir.

 

Forum çərçivəsində qonaqların və məzunların çıxışları ilə 3 panel iclasın keçirilməsi, MDU Məzunlar Assosiasiyasının təsis edilməsi və mədəni fəaliyyətlərin reallaşdırılması nəzərdə tutulub.

 

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da tələbə və məzunların hərtərəfli inkişafına xüsusi önəm verilir, məzunların işlə təminatı diqqət mərkəzində saxlanılır.