Prezident təqaüdçüləri təəssüratlarını bölüşürlər


Xəbər verildiyi kimi Prezident İlham Əliyev 2023-2024-cü tədris ilində Azərbaycanda ali məktəblərə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən   bu tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və ali məktəblərə daxil olmuş 102 tələbə  Prezident təqaüdü alacaq. Həmin təqaüdçülərdən bir neçə tələbələri  oxuculara təqdim edirik. 

 

Ləman Quliyeva, Prezident təqaüdçüsü, ADA -nın riyaziyyat fakültəsinin I kurs tələbəsi: 2006-cı  ildə Bakıda anadan olub. Nəsimi Rzayev adına   169 nömrəli tam orta məktəbi fərqlənmə  attestatı  ilə bitirib. I və IV ixtisas qrupları üzrə 22-23 iyul tarixlərində keçirilən qəbul imtahanında I ixtisas qrupu  üzrə ən yüksək nəticə göstərib.  İmtahanın ikinci mərhələsində 395.5 bal, birinci mərhələsində isə 297.5 bal  olmaqla  ümumilikdə I ixtisas qrupu üzrə 693 bal toplayıb. Hazırda   gənc tələbə ADA Universitetində riyaziyyat ixtisası üzrə təhsil alır. Prezident  təqaüdünə layiq  görüldüyünü  eşidəndə sevincinin hədd-hüdudu olmayıb, qürur hissi keçirib. Sevinir ki, valideynləri onunla fəxr edir. Bundan böyük xöşbəxtlik mənim üçün nə ola bilər?-deyir. Prezident təqaüdçüsü   gələcəkdə magistr  təhsilini xaricdə  davam etdirmək  arzusunda olduğunu  söyləyir.

 

ADA Universitetinin rektoru Hafiz Paşayev Ləman Quliyevanı qəbul   edərək DİM imtahanında 650-dən yuxarı bal topladığına görə  onu təhsil  haqqından  azad  edib.

 

Nuranə Payızova, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin I kurs tələbəsi: Sumqayıtdakı 5 nömrəli tam orta məktəbi bitirib.  Bu il keçirilən qəbul imtahanlarında 677,1 bal toplayaraq Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olunub.  Bu gün də öz həyəcanını gizlədə bilmir: “ Bu şad xəbər  məni  hədsiz sevindirdi.  Zəhmətimin   hədər getməməsi  mənə  sanki bir dünya bağışladı”. Onunla həmsöhbət olarkən  gənc tələbənin  qazandığı uğurlardan məmnunluğu mənim də əhvalıma xoş ovqat qatırdı.  Həm ali məktəbə qəbul olunduğuna, həm də Prezident təqaüdünə layiq görüldüyünə görə gənc tələbə ikiqat sevinc hissi yaşayırdı. Nuranə özü bu barədə belə dedi:

 

“Bu təqaüdü qazanmaq  çoxdankı  arzum idi və nəhayət ki, reallaşdı.  Özümə qarşı  çox tələbkar olmuşam. Sınaq imtahanlarından da yüksək nəticə əldə  edirdim. Buna görə də  qəbul imtahanlarından  yüksək bal  toplayacağıma əmin idim.  Riyaziyyat bütün elmlərin açarıdır.  Bu fənlə  bağlı keçirilən bütün bilik yarışmalarına qatılmışam və uğur  qazanmışam. Müəllim peşəsi şərəflidir, müqəddəsdir. Ən böyük arzum BDU-nun tələbəsi adını qazanmaq idi, onu da qazandım. İnsanlara bilik vermək, elm öyrətmək, onları həyata düzgün istiqamətləndirmək  kimi mühüm vəzifənin öhdəsindən ancaq müəllim gələ bilər. Elə ona görə də olduqca  şərəfli və məsuliyyətli işdir müəllimlik. Yaxşı müəllim olmaq üçünsə  gərək savadlı, bacarıqlı olasan.   Arzum  gələcəkdə  magistratura təhsili almaq, şagirdlərimə riyaziyyat fənnini sevdirməkdir”.

 

Prezident təqaüdünə layiq görülən tələbələrdən  biri də  Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin məzunu  Fatimə Əliyevadır. Oxuduğu müddətdə  çox çalışqan, özünə qarşı tələbkar  savadlı, nümunəvi  şagirdlərdən  biri olub. Liseyi əla qiymətlərlə başa  vurub. Müxtəlif layihələrdə, olimpiadalarda və müsabiqələrdə iştirak edib. Dəfələrlə informatika və riyaziyyatdan olimpiadalara qatılıb, məktəbdaxili və şəhərlərarası yarışlarda iştirak edərək  birincilik  qazanıb. 2023-cü ildə liseyi fərqlənmə  attestatı ilə bitirib, 679,6 balla Bakı Ali Neft Məktəbinə İnformasiya təhlükəsizliyi ixtisasına yiyələnib: “Sərəncamda adları çəkilən tələbələr arasında adımı gördükdə cox sevindim. Prezident  təqaüdçüsü kimi gələcək planlarım  çoxdur, bakalavr səviyyəsini bitirdikdən sonra təhsilimi xaricdə davam etdirəcəyəm”.

 

Sifai SƏFƏROVA