Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Bişkekdə M.Rıskulbekov adına Qırğız İqtisad Universitetinin 70 illik yubileyinə həsr olunan “İqtisadi reallıqların yeni çağırışları” mövzusunda beynəlxalq elmi konfransda iştirak edib. Konfransa 10-dan artıq ölkənin alimləri və praktiki mütəxəssisləri qatılıblar.
Konfransın plenar iclasında MDU-nun rektoru Ş.Bayramov “Davamlı iqtisadi inkişaf: əsas konsepsiya, qiymətləndirmə metodları və Azərbaycan nümunəsi” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə davamlı iqtisadi inkişafa dair konseptual baxışlardan, bu sahədə mövcud qlobal və milli strategiyalardan, davamlı iqtisadi inkişafın ölçülməsi üçün tətbiq olunan qiymətləndirmə metodlarından və Azərbaycan təcrübəsindən bəhs edilib.
İqtisadi artımın təmin olunmasında başlıca meyarın sosial rifah halının yaxşılaşması və ekoloji problemlərin yaranmaması olduğunu vurğulayan Ş.Bayramov bu baxımdan dayanıqlı iqtisadi inkişafın qiymətləndirilməsi və proqnozlaşdırılması zamanı tətbiq edilən göstəricilərin, modellərin əsas xüsusiyyətlərindən danışıb.
Çıxışının sonunda konfransın elmi-praktiki əhəmiyyətini qeyd edən rektor bu beynəlxalq tədbirin ali təhsil və elm sahəsində yeni əməkdaşlıqların qurulması üçün faydalı platformaya çevriləcəyinə əminliyini bildirib.
Plenar iclasdan sonra beynəlxalq konfrans işini bölmə iclasları ilə davam etdirib.