Şagirdlər məktəbə velosipedlə gedirlər


Sağlamlıq ən böyük nemətdir. Hər bir insan onu qorumağı bacarmalı və öz sağlamlığına diqqət etməlidir. İdman sağlamlığın rəhnidir. İdmanla məşğul olmaq tək insanın sağlamlığını möhkəmləndirmir, həmçinin insanda ruh yüksəkliyi əmələ gətirir, onun zirək, çevik və dözümlü olmasını şərtləndirir.  Təsadüfi deyilməyib ki, sağlam bədəndə sağlam ruh olar.

 

Bakının Xəzər rayonu Binə qəsəbəsində yerləşən 292 nömrəli tam orta məktəbin əksər şagirdləri də bu inama söykənərək hər gün məktəbə velosipedlə gedib  gəlirlər. Bununla da şagirdlər həm idman etmiş olur, həm də dərsə gümrah başlayırlar.  Bunun  üçün məktəb həyətində şərait də yaradılıb. Artıq  iki ildir ki,  məktəbin əksər şagirdləri bundan zövq alaraq gündəlik həyat tərzinə çeviriblər. Qeyd edək ki, məktəbin yeni binası Heydər Əliyev Fondunun dəstəyi ilə tikilib və ötən tədris ilində cənab Prezident  İlham Əliyevin iştirakı ilə açılışı olub. Məktəbdə 2000-dən çox şagird təhsil alır. Velosiped parkı da məktəb layihəsində nəzərdə tutulub. Məktəbdə velosiped parkının olması şagirdlərdə velosipeddən istifadəyə həvəs yaradıb və  yüksək əhvali-ruhiyyə, zehin açıqlığı ilə dərsə başlamalarına vəsilə olub.

 

Təhsil ocağının ilk  velosiped yürüşcüsü  ibtidai sinif müəllimi Emin Tahayev olub. Onun sözlərinə görə, şagirdlər də həvəslənib bu nəqliyyat növündən istifadə ediblər: “Məktəbə gəlib-gedərkən velosipeddən istifadə edirəm. Hər gün təxminən 2 km məsafə qət edirəm. İlk vaxtlarda mən tək olurdum, indi  şagirdlərimiz də həvəslə mənimlə birgə məktəbə velosipedlə gəlirlər.  Məktəbdə əsasən ikinci növbənin şagirdləri velosipeddən daha çox istifadə edirlər.   Bu, həm ekoloji cəhətdən, həm də sağlamlıq baxımından yaxşıdır”.

 

Məktəbin ən kiçikyaşlı şagirdi və velosiped yürüşcüsü  Hikmət Mübariz 2-ci sinifdə  oxuyur. Hikmət velosiped sürməyi çox sevir: “Emin müəllimə baxıb mən də həvəsləndim. Məktəbə gələndə velosipedlə gəlirəm, dərslərimi də yaxşı oxuyuram. Böyüyəndə həkim olacağam”.

 

V sinif şagirdi Rauf  məktəb yolu çox uzaq olduğu üçün hər gün velosiped sürərək dərsə gəlir: “Mən hər gün 3 km yolu qət edərək  dərsə gəlirəm. Velosiped sürməyi  çox xoşlayıram. Məktəbimizdə bunun üçün uyğun şərait də yaradılıb. Sağlam həyat üçün də bu vacibdir.  Həm   gündəlik idman etmiş oluram, həm də məktəbə vaxtında gəlib çatıram”.

 

VIII sinif şagirdi Yusif Qəhrəmanov  da məktəb yoldaşı kimi uzaq yolu gələrək dərsə çatır: “Hər  gün 5 km yolda velosiped sürürəm.  Həmin yolu təxminən yarım saata gəlirəm. Dostlarımla bu yolu gəlmək daha maraqlı olur.  Yolumuz asfalt olduğu üçün çox rahatlıqla gəlirik”.   

 

VII sinif şagirdi İsmayıl Bədəlov da  məktəbə velosiped sürərək gəlir. İsmayıl bizimlə söhbətində bildirib ki,  bu addımı ilə o  sağlamlığına  müsbət təsir etməklə yanaşı, həm də vaxtına qənaət etmiş olur: “Məktəblə evin arası çox uzaqdır. Yaxında qalan uşaqlar dərsə rahat gələ bilirlər. Bizlər isə velosipedlə gəlirik. Velosipedlə gələndə həm vaxta, həm də pulumuza qənaət  edirik. Bununla yanaşı idmanımızı da elə yol gəlməklə edirik.   Bütün bu üstünlüklərlə yanaşı, velosipedə minərək havanı zəhərli qazlardan, yolları isə  tıxaclardan qurtarmış oluruq”.

 

Mütəxəssislər velosipeddən istifadənin insan orqanizminə faydaları haqqında dəfələrlə məlumat verirlər. Velosipedlə məktəbə gəlib-getmək nəticədə həm şagirdlərin sağlamlığına müsbət təsir edir,  həm də uzaq məsafəli məktəb yolunu qət etməyə kömək olur. Təmiz mühit sağlam yaşamaq deməkdir.

 

Rəşad ZİYADOV