Azərbaycan Texniki Universitetinin Maşınqayırma texnologiyası kafedrasının müdiri professor Nizami Yusubovun Alman Akademik Mübadilə Xidmətinin (DAAD) 2023-cü il üçün həyata keçir­di­yi qrant müsabiqəsinə “Mexaniki emalda məhsuldar əməliyyatların planlaşdırılması üçün proseslərin modelləşdirilməsi” (Prozessmodellierung für die Planung von produktiven Arbeitsgängen in der spanenden Fertigung) mövzusunda təqdim etdiyi elmi-tədqiqat işi DAAD təqaüdünə layiq görülüb.

 

N.Yusubov həmin mövzu üzrə elmi-tədqiqat işi aparmaq üçün DAAD-ın dəvəti ilə Almaniyanın Rostok şəhərinin İstehsal Texnologiyasında Böyük Konstruksiyalar Fraunhofer İnstutunda və Rostok Universitetinin İstehsal Texnologiyaları kafedrasında fəaliyyət göstərib.

 

Səfər çərçivəsinsdə AzTU-nun professoru institutun direktoru və kafedra müdiri professor Vilko Flüqqe ilə birgə riyazi, eləcə də real emal proseslərinə bu riyazi modellərin tətbiqini yoxlamaq üçün eksperimental tədqiqatlar aparıb. Elmi-tədqiqatların yerinə yetirilməsində məqsəd emal proseslərinə adaptiv nəzarət vasitəsilə avtomatlaşdırılmış RPİ dəzgahlarında emal səmərəliliyinin yüksəldilməsi olub.

 

Nizami Yusubov, həmçinin İstehsal Texnologiyasında Böyük Konstruksiyalar Fraunhofer İnstutunda, eləcə də Rostok Universitetinin İstehsal Texnologiyaları kafedrasında “Avtomatlaşdırılmış RPİ emal mərkəzlərində çoxalətli ema­lın səmərəliliyinin artırılması” mövzusunda seminarda çıxış edib.

 

Əməkdaşlığın genişləndirilməsi məqsədilə Rostokda professor Vilko Flüqqe, Brandenburq Texniki Universiteti Cottbus-Senftenbergin (BTU Cottbus-Senftenberg) professoru Silvio Simon və Andreas Burqer, AzTU-nun professoru Nizami Yusubov və Alman mühəndislik fakültəsinin dekanı dosent Ərəstun Məmmədovun iştirakı ilə magistratura və doktorantura proqramlarının hazırlanmasında birgə iştirak, eləcə də digər məsələlərlə bağlı müzakirələr aparılıb.

 

Qeyd olunub ki, gələcəkdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün Almaniya universitetlərinin AzTU ilə birgə tədqiqat işləri yerinə yetirməsi planlaşdırılır.