Bakı Dövlət Universitetinin (BDU) biologiya fakültəsində “Nanohissəciklərin “yaşıl sintezi”, xarakteristikası və tibdə tətbiqi perspektivləri” mövzusunda elmi seminar keçirilib. 

 

Seminarda biofizika və biokimya kafedrasının doktorantı, Türkiyənin Mardin Artuklu Universitetinin əməkdaşı Adıcan Mehmet Tevfik mövzu üzrə məruzə edib. 

 

Adıcan Mehmet Tevfik metal nanohissəciklərin sintezində bioloji obyektlərdən istifadənin geniş yayılmış metodlardan olduğunu bildirib. Qeyd edib ki, bioloji sintez üsullarından “yaşıl sintez” özünəməxsus üstünlüyə malikdir, çünki bu zaman toksik kimyəvi maddələrdən istifadə olunmur. Bu, ekoloji cəhətdən təhlükəsiz və iqtisadi baxımdan daha sərfəli metoddur. Bitkilərdə tapılan biomolekullar, ikincili metabolitlər, fenol birləşmələr, spirtlər, flavonoidlər və karbonil qrupları olan fitokimyəvi maddələr metal ionlarını nanohissəciklərədək asanlıqla reduksiya edir. 

 

Tədqiqatçının apardığı tədqiqatlarda Au (qızıl) və Ag (gümüş) nanohissəciklərin xüsusiyyətləri müvafiq olaraq UV-vis spektrofotometriyası, FT-IR spektroskopiyası, EDX, XRD analizi, TEM, SEM və digər mikroskopiya üsullarından istifadə etməklə müqayisəli tədqiq olunub, onların ölçüləri, forması, yükü və nanohissəciklərin zeta potensialı müəyyən edilib. Dazıotu (Hypericum triquetrifolium turra) bitkisinin sulu ekstraktı vasitəsilə  əldə edilmiş Au və Ag nanohissəciklərin sağlam və şiş hüceyrə xətlərinə sitotoksik təsiri tədqiq olunub. Eyni zamanda başqa bitkilərin sulu ekstraktları vasitəsilə alınmış nanohissəciklərin (müxtəlif metal təbiətli) sağlam və şiş hüceyrələrinə təsiri də müqayisəli şəkildə nəzərdən keçirilib. 

 

Doktorant alınmış nəticələr əsasında metal nanohissəciklərin yaxın gələcəkdə tibdə geniş istifadə ediləcəyini vurğulayıb.  

 

Sonda məruzəçi iştirakçıların suallarını cavablandırıb.