Şamaxı Astrofizika Rəsədxanasının təşkilatçılığı ilə 20 nömrəli məktəb-liseydə "Orta ümumtəhsil məktəblərində elm və təhsilin inteqrasiyası, şagirdlərin ölkədaxili və beynəlxalq layihələrdə iştirakı" mövzusunda tədbir keçirilib. Tədbirdə liseyin rəhbərliyi və müəllim heyəti ilə yanaşı, Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanası (ŞAR), Biofizika İnstitutu,  Coğrafiya İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyasının  Ədəbiyyat İnstitutu və  Dilçilik İnstitutunun əməkdaşları da iştirak ediblər.

 

20 nömrəli məktəb-liseyin direktoru Esmira Ağayeva şagirdlərin elmi istiqamətdə inkişaf etməsində bu kimi tədbirlərin rolunu yüksək qiymətləndirib. Bildirib ki, elm və təhsilin inteqrasiyası müasir zamanın tələbidir. Dəyişən dünyanın yeni çağırışlarına uyğun olaraq inkişafı şərtləndirən başlıca amil məhz birgə koordinasiyalı fəaliyyətin qurulmasıdır. Buna misal olaraq, ŞAR ilə 20 nömrəli məktəb lisey arasındakı əməkdaşlıq çərçivəsində xüsusi hazırlıq keçmiş şagirdlərin müxtəlif layihə və yarışlarda əldə etdiyi nailiyyətləri qeyd edən E.Ağayeva, fundamental elmin bütün sahələri üzrə anoloji əməkdaşlıqların qurulmasının elmi tərəqqiyə rəvac verəcəyini söyləyib.

 

Açılış mərasimindən sonra elmi sessiya başlayıb. Sessiyada “Orta təhsil müəssisələrində beynəlxalq və yerli qrant layihələri”, “Təhsil verənlər üçün beynəlxalq təcrübə və bilik mübadiləsi imkanları”, “Astronomiyanın prioritet tədqiqat sahələri, məktəblilər üçün astronomiya”, “Təhsil və ədəbiyyat”, “Sağlam və xərçəng hüceyrə membranları arasındakı fərqlər”, “Qarabağda ərazinin istifadəsində relyefin təsirinin tədqiqi”, “Dünya dillərində müşahidə olunan proseslər” mövzuları üzrə məruzələr dinlənilib.

 

Sonda "Gələcəyin alimi" layihəsi üçün məktəblilərdən ibarət bir neçə qrup formalaşdırılıb.