Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının kollektivi Quba rayonunun Qımıl kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Nuran  Mirzəyevin məzarını və ailəsini ziyarət ediblər.

 

Ziyarətdə fililalın əməkdaşları - direktor müavini İsmayıl Mahmudov, riyaziyyat və təbiət elmləri fakültəsinin dekanı vəzifəsini icra edən Nübar Bayramova, baş müəllim Rahib Sədullayev, Təcrübə üzrə rəhbər Şəhla İsmayılova, dekanlığın əməkdaşı Nəhayət Şirinova, Tədris şöbəsinin əməkdaşı Fatimə Kiçibəyova və filialın Şəhid Nuran Mirzəyev adına Xarici dil auditoriyasında təhsil alan “Xarici dil müəllimliyi” ixtisasının I tədris ili tələbələri iştirak ediblər.

 

Şəhid valideynləri Akif ata və Təranə ana filial rəhbərliyinə şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

 

N.Mirzəyevin məzarını ziyarət etdikdən sonra onun adına tikilmiş bulağı da ziyarət edən filialın tələbələri orada şeirlər söyləyib, çıxış edib, N.Mirzəyevin timsalında bütün şəhidlərimizin xatirələrini yad ediblər.

 

Qeyd edək ki, şəhid N.Mirzəyev Füzuli, Cəbrayıl, Qubadlı uğrunda gedən ağır döyüşlərdə qəhrəmanlıqla vuruşub. 21 yaşlı qəhrəman 2020-ci il oktyabrın 19-da Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

 

Şəhid N.Mirzəyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.