Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Mülki müdafiə qərargahı Yasamal rayonu Fövqəladə hallar və mülki müdafiə şöbəsi ilə birlikdə universitetin rəhbər heyəti üçün mülki müdafiə məşqi keçirilib.

 

Məşqin keçirilməsində məqsəd AzMİU heyətinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətin uzlaşdırılması, xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.

 

AzMİU-nun Mülki müdafiə qərərgahının rəisi, ehtiyatda olan polkovnik Əhməd Abdullayev çıxış edərək universitetin rəhbərliyi adından gələn qonaqları və iştirakçıları salamlayıb. O, universitetdə Mülki müdafiə qərargahının yaranma tarixi və fəaliyyəti haqqında məlumat verib. Qərargah rəisi, həmçinin AzMİU-nun yerləşdiyi ərazinin xüsusiyyətləri və yarana biləcək risklərlə bağlı məlumat verib, təbii fəlakətlər zamanı universitet heyətinin daxili zirzəmilərdə, eləcə də digər qorunma məntəqələrində yerləşdirilməsi qaydalarından danışıb.

 

Sonra AzMİU-nun fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının dosenti Emin Qafarov və Yasamal rayonu Fövqaladə hallar və mülki müdafiə şöbəsinin rəisi kapitan Fuad  Əliyevin çıxışları dinlənilib. 

 

Məşqin ilk şərti siqnalı FHN-nin əməkdaşları tərəfindən universitetə təqdim edilib. Siqnal 5.6 bal gücündə zəlzələ və 1-ci korpusun yarı hissəsinin dağılması zamanı təxliyə fəaliyyəti,  görüləcək tədbirlərdə icraçılıq ardıcıllığı yoxlanılıb. İkinci və üçüncü siqnallar da eyni qayda ilə yerinə yetirilib.

 

Məşqlərdən sonra FHN-nin əməkdaşları, universitetin ştatdankənar manqa komandirləri, qrup rəhbərləri arasında müzakirələr aparılıb və məşqlə bağlı yaranan suallar cavablandırılıb.