Lənkəran Dövlət Universitetində (LDU) Türkiyə Respublikasının Kafkas Universiteti (Kars) ilə birgə Ümummilli lider Heydər Əliyevin anadan olmasının və Türkiyə Respublikasının 100 illiyinə həsr edilmiş “I Beynəlxalq heyvandarlıq konfransı” keçirilib.
9 ölkənin-Azərbaycan, Türkiyə, Rusiya, Yunanıstan, Gürcüstan, Qazaxıstan, Ukrayna, Belarus və Əlzəzairin ali təhsil müəssisələri, elmi-tədqiqat institutlarının alim-tədqiqatçılarının birbaşa və onlayn qatıldığı Beynəlxalq konfransın plenar iclasını LDU-nun rektoru professor Natiq İbrahimov açıb.
Rektor tədbirin keçirilməsini beynəlxalq arenada universitetlərarası elmi əlaqələrin inkişafında önəmli amil kimi dəyərləndirib və bu istiqamətdə fəaliyyətlərini davam etdiriləcəklərini deyib. N.İbrahimov LDU ilə Türkiyənin Kafkas Universiteti arasında son illərdə yaranan əlaqələrin üzərində geniş dayanıb, bunun yüksək keyfiyyətli mütəxəssis hazırlığına müsbət təsirindən danışıb, ikili diplom layihəsinin uğurlu həlli istiqamətində görülən işlərdən söz açıb. Bildirib ki, yaxın vaxtlarda LDU-da baytarlıq fakültəsinin açılması ölkədə və bölgədə heyvandarlıq sahəsində böyük ehtiyac duyulan ixtisaslı kadrların hazırlanmasına əməli təkan verəcək, bu sahədə olan boşluğu dolduracaq. N.İbrahimov Beynəlxalq konfransın məhz Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr edilməsinin təsadüfi olmadığını deyib, Ulu Öndərin Azərbaycan təhsilinin inkişafındakı böyük rolundan danışaraq ölkə başçısı İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini LDU-nun timsalında konkret faktlarla şərh edib.
Kafkas Universitetinin rektoru professor Hüsnü Kapu bildirib ki, elmi-təcrübi əlaqələrin davamlı inkişafı hər iki ali təhsil ocağı üçün böyük əhəmiyyət daşıyır və Kafkas Universiteti bu əlaqələrin inkişafında maraqlıdır, hər cür dəstək verməyə hazırdır.
Beynəlxalq konfransda Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru dosent Mahir Hacıyev, Kafkas Universiteti baytarlıq fakültəsinin dekanı professor Mete Cihan, dekan müavini professor Cihan Kaçar, professor Yavuz Öztürkler, LDU-nun aqrar və mühəndislik fakültəsinin dekanı dosent Balayar Şahbazov çıxış edərək heyvandarlıq məhsullarına olan tələbatı dünyanın qlobal problemlərindən biri kimi dəyərləndirib, məsələnin həlli yollarından söz açıb, təklif və mülahizələrini səsləndiriblər.
Beynəlxalq konfrans öz işini bölmə iclaslarında davam etdirir.