Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə nazirliyin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin əməkdaşları, məşqçi-müəllimlər, fiziki tərbiyə müəllimləri və tanınmış idmançılardan ibarət heyət Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə ilk idman festivalında iştirak ediblər.  Məktəbin pedaqoji kollektivi və şagirdləri ilə keçirilən görüşdə ərazilərimizin düşmən əsarətindən azad edilməsi, həmçinin əhalinin qayıdışı, burada təhsilin bərpa olunmasının tarixi hadisə olduğu qeyd edilib, gənc nəslin fiziki, mənəvi cəhətdən inkişafı, onların sağlamlığının təminatı, vətənin müdafiəsinə hazır olmalarında idman və bədən tərbiyəsinin əhəmiyyətindən danışılıb. Festival iştirakçıları olan şagird və müəllimlər təəssüratlarını “Azərbaycan müəllimi”nə danışıblar.   

 

Qarabağ Regional Təhsil İdarəsi üzrə təhsil sektorunun müdiri, Əməkdar müəllim Ramella  Məmmədova:  “Düşmən əsarətindən azad olunmuş  Füzuli şəhərində yeni istifadəyə verilən  Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə idman festivalının keçirilməsi çox sevindirici hadisədir. Uzun illər sonra öz ata yurdlarında təhsil almaq, düşmən əsarətində olan torpaqların yenidən nəfəs alaraq çiçəklənməsini görmək həm müəllimlər, həm də məktəblilər üçün qürurverici və fərəhləndiricidir. Azərbaycan xalqı 30 ildə yorulmadan, dövlətini möhkəmləndirərək bu möhtəşəm Qələbə xəbərini səbirsizliklə gözləyirdi. Heç bir beynəlxalq ədalətsizlik, heç bir əziyyət xalqımızın qələbəyə olan  inamını sarsıtmadı; Azərbaycan xalqının, dövlətinin, onun liderinin iradəsinə təsir etmədi. Hər ötən gün xalqımız Prezident İlham Əliyevin ətrafında getdikcə daha sıx birləşdi, birliyimiz hər gün daha da gücləndi. Məhz xalq-dövlət-ordu birliyi sayəsində Azərbaycanın işğal altındakı torpaqları azad olundu.  Bütün bunların nəticəsidir ki, biz buradayıq”.

 

Festivalda peşəkar məşqçilər, tanınmış idmançılarla görüş və onların uğur hekayələrini dinləmək şagirdlər tərəfindən maraqla qarşılandı. Məktəblilərin fiziki sağlamlıq və idman vərdişlərinin artırılması,  onların asudə vaxtlarının səmərəli təşkili  məqsədi ilə keçirilən  basketbol, futbol, badminton  və digər əyləncəli idman növləri üzrə yarışlar təhsilalanlarda sevinc və ruh yüksəkliyi  yaradıb.

 

13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər idman məktəbinin məşqçi-müəllimi Kərim Musayev: “Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə ilk idman festivalının keçirilməsi olduqca sevindirici  bir hadisədir. Bu gün çox  gözəl bir gündür. İllərdir, həsrətlə gözlədiyimiz tarixi qələbəmizin sevincini yaşayırıq.  Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti, Müzəffər Azərbaycan Ordusunun şücaəti sayəsində böyük tarixi qələbə qazandıq. Vətənimizin ərazi bütövlüyü təmin olundu. İndi qürurla və böyük  sevinc hissi ilə Qarabağımızın azadlığını  görürük. Füzulidə keçirilən bu idman festivalında iştirak etmək bizlər  üçün qürurverci hadisədir”.

 

"Təhsil" Respublika İdman Mərkəzinin 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman məktəbinin məşqçi-müəllimi Ruslan Xalıqov:  “Birinci  dəfədir ki, mən Füzuli torpağına qədəm basıram. Sevincimin həddi-hüdudi yoxdur. Çox qürurluyam. Qalib xalqın təmsilçisi olmaq xoşbəxtliyini bu gün hər birimiz böyük ruh yusəkliyi ilə yaşayırıq”.

 

“Vətən” İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman məktəbinin məşqçi-müəllimi Elvin Həsənov: “Füzuli şəhərində keçirilən bu tədbir hamı kimi məni də sevindirir. Sükürlər olsun ki, bu gün Vətənimizin bir qarış torpağı belə düşmən tapdağı altında deyil.  Yarış haqqında onu deyə bilərəm ki,   12 nəfər məktəbli iştirak edirdi. Yarış məktəbin həyətindəki futbol meydançasında keçirildi, digər məktəblilər böyük həvəslə azarkeş qismində yarışı izləyirdilər. Sonda komandalara müxtəlif hədiyyələr verildi, xatirə fotoları çəkildi. Biz məşqçi-müəllimlər tərəfindən onlarla idmanla bağlı maarifləndirici söhbətlər aparıldı”.

 

Füzuli şəhər  Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin müəllimi Samirə Qənbərova: “Məktəbimizdə dərs deməkdən xoşbəxt nə ola bilər. Onun qürurunu yaşayırıq. İllərdir, Vətənimizdən ayrı yaşamaq bizə ən acılı günlər yaşatdı. Bunun  üçün şəhidlərimizə, qazilərimizə, əsgər və zabitlərimizə borcluyuq. Onların haqqı heç vaxt ödənməz.  Onlar Ali Baş Komandanın  əmri ilə alnımızda olan qara ləkəni sildilər. Çox qururluyuq. Ona görə ki, əllərindən tutaraq ana və Vətən sözlərini yazmağı öyrətdiyimiz şagirdlər Vətənin tarixini yazdılar. Əminəm ki, bu tədbir də  uşaqların yaddaşında silinməz izlər buraxacaq”.

 

Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin 8-ci sinf şagirdi Nurlan Tahirov: “ Çox sevincliyəm ki, bizim məktəbdə idman festivalı keçirildi.  Həmin gün futbol, basketbol, qaçış, badminton və tennis üzrə yarışlar oldu.  Mən və komanda yoldaşlarım futbolda yarışdıq, hesab 4:4 oldu. Bizim üçün çox maraqlı və əyləncəli bir gün oldu. Bizə yaradılan bu şəraitə görə məktəb kollektivinə, Elm və Təhsil Nazirliyinə təşəkkür edirəm”.

          

1 nömrəli məktəbin 9 sinif şagirdi Xədicə Ağayarlı: “Məktəbimizdə  keçirilən idman festivalında  biz müxtəlif idman növləri ilə yarışlarda iştirak etdik.  Basketbol, futbol,  badminton  və s. Bizə çoxlu hədiyyələr verildi. Biz çox sevindik, əyləndik. Bizə belə şərait yaratdıqlarına görə təşkilatçılara dərin təşəkkürümü bildirirəm”.

 

Rəşad ZİYADOV