Ukraynanın İrpen şəhərindəki Zərifə Əliyeva adına “Linqvist” humanitar liseyinin direktoru Valentina Antonenko “Azərbaycan müəllimi”nə müsahibə verib


Azərbaycanla Ukrayna arasında siyasi, iqtisadi, elmi, təhsil, mədəni və digər sahələrdə əlaqələr yüksələn xətlə inkişaf etməkdədir. Bu əlaqələrin uğurla davam etdirilməsinin bariz nümunələrindən biri də 2015-ci ildə Ukrayna Respublikasının Kiyev vilayətinin Buçansk rayonunda yerləşən İrpen şəhərindəki xarici dillər üzrə ixtisaslaşmış İrpen Dilçilik məktəbinə Azərbaycanın görkəmli oftalmoloqu, Akademik Zərifə Əliyevanın adının verilməsidir. Liseydə dünyaşöhrətli alimin büstü qoyulub, həyat və fəaliyyətindən bəhs edən muzey yaradılıb. Hazırda liseyin yerləşdiyi küçə də Akademik Zərifə Əliyevanın adını daşıyır.

 

Ukraynada davam edən müharibənin təsirləri İrpen şəhərindəki Zərifə Əliyeva adına “Linqvist” humanitar liseyindən də yan keçməyib. Hərbi əməliyyatlar zamanı zərərçəkmiş lisey binası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə “SOCAR Energy Ukraine” tərəfindən qısa zamanda yüksək səviyyədə bərpa olunaraq yenidən istifadəyə verilib.

 

Müsahibimiz Ukrayna Respublikasının İrpen şəhərindəki Zərifə Əliyeva adına “Linqvist” humanitar liseyinin direktoru, Ukraynanın əməkdar təhsil işçisi, Ukrayna təhsili əlaçısı, yüksək kateqoriyalı mütəxəssis, Ukrayna Ali Şurası tərəfindən Fəxri Fərmanla təltif edilmiş müəllim-metodist, İrpen şəhərinin fəxri vətəndaşı, Əməkdar müəllim, Azərbaycanın “Dostluq” ordeni laureatı Valentina Antonenkodur.

 

- Hörmətli Valentina Antonenko, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladığınız məktubda ölkəmiz və dövlət başçımız haqqında söylədiyiniz səmimi və gözəl fikirlər, xoş arzular üçün, ölkələrimizin dostluq münasibətlərini və qarşılıqlı dəstəyini xüsusi vurğuladığınız üçün Sizə dərin minnətdarlığımızı bildiririk.

- Fürsətdən istifadə edib mən də öz növbəmdə, möhtərəm Prezidenti cənab İlham Əliyevi, bütün azərbaycanlı dostlarımı salamlayıram! Azərbaycan xalqının  Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycan xalqının görkəmli qızı Zərifə Əliyevanın əziz xatirəsini dərin ehtiramla yad edirəm! Ali Baş Komandan İlham Əliyevin Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdığı məqamı izlədiyim an keçirdiyim duyğuları sözlə ifadə edə bilmirəm. Mən yenə də vurğulamaq istəyirəm ki, İlham Əliyev Azərbaycan xalqının əsl vətənpərvər oğludur! Azərbaycan xalqını ərazi bütövlüyünə qovuşması münasibətilə təbrik edirəm! Biz sizinləyik!

 

- Çox təşəkkür edirik. Bu yaxınlarda siz Bakı şəhərinə və Naxçıvan Muxtar Respublikasına səfər etmisiniz. Zəhmət olmasa səfərinizin məqsədi və missiyası barədə məlumat verin.

- Qeyd edim ki, Azərbaycan, Bakı, Naxçıvan əbədi qəlbimdədir! 2010-cu ildən bugünədək, artıq 13 ildir ki, biz Azərbaycanın Ukraynadakı səfirliyi, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən və bizim doğma məktəbimizə çevrilən Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbi ilə  sıx əlaqə saxlayırıq. 2023-cü ilin sentyabr ayında  Bakıda və Naxçıvanda olmağımın məqsədi və missiyası İrpen şəhərindəki Zərifə Əliyeva adına  “Linqvist” humanitar liseyi, Bakıdakı Akademik Zərifə Əliyeva adına lisey və Naxçıvan Muxtar Respublikasında yerləşən  Akademik  Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbi arasında uzunmüddətli əməkdaşlıq haqqında Memorandumunun imzalanması olub. Memorandum xalqlarımız arasında dostluq, Yer kürəsində sülh, övladlarımızın xoşbəxt gələcəyi naminə ümumi təhsil müəssisələrimiz arasında imzalanmış mühüm əməkdaşlıq sənədidir.

 

- Azərbaycanda bir neçə dəfə olmusunuz. Ölkəmiz, təhsil ocaqlarımız haqqında təəssüratlarınız necədir?

- Mən dörd dəfə Azərbaycanda olmuşam. Mənə doğma olan Azərbaycan haqqında təəssüratlarım möhtəşəmdir. Hər səfərimdə böyük miqyasda irəliləyiş müşahidə edirəm. Səfər çərçivəsində bir çox təhsil müəssisələri ilə tanış oldum. Həmin təhsil müəssisələrində yaradılmış yüksək şərait Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsil sisteminin inkişafına yönəlmiş böyük qayğısının göstəricisidir.  Xüsusilə cənab Prezidentin təhsil aldığı 6 nömrəli məktəb-lisey, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi məni heyran etdi.

 

- İrpen şəhərindəki Zərifə Əliyeva adına “Linqvist” humanitar liseyi, Bakıdakı Akademik Zərifə Əliyeva adına lisey və Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbi arasında uzunmüddətli əməkdaşlıq haqqında Memorandumunun imzalanması qarşıda son dərəcə mühüm vəzifələr nəzərdə tutur. Bu üç təhsil müəssisəsi necə əməkdaşlıq edəcək? Əməkdaşlıq çərçivəsində hansı uğurlu addımların atılacağı gözlənilir?

- İnanıram ki, qarşılıqlı əməkdaşlığımız hər iki tərəfin təhsil müəssisələri ilə yanaşı uşaqlarımız üçün də fayda gətirəcək. Biz uşaqlarımızın dost olmasını təmin etmək üçün mümkün olan hər bir şəraiti yaratmalıyıq. Belə ki, övladlarımız ölkələrimizin gələcəyini qurmalıdırlar. Mən buna qəti əminəm ki, dostluq, əməkdaşlıq, qarşılıqlı anlaşma, bir-birinə dəstək insan sivilizasiyasını qorumaq üçün son dərəcə zəruridir.

 

- İrpen şəhərindəki  Zərifə Əliyeva adına “Linqvist” humanitar liseyi ilə daha yaxından tanış olmaq istərdik... 

- Təhsil müəssisəsi 1994-cü ildə Xarici dillər üzrə ixtisaslaşmış İrpen Dilçilik məktəbi adı altında fəaliyyətə başlayıb. 2011-ci ildə təhsil müəssisəmizin nəzdində Zərifə Əliyeva adına muzey yaradılıb. İrpen Şəhər İcraiyyə Komitəsinin qərarı ilə 2015-ci ildə məktəbə görkəmli Azərbaycan alimi Zərifə Əliyevanın adı verilib. Liseydə hazırda 2300 şagird təhsil alır, 75 sinif fəaliyyət göstərir, 16 “Ukrayna intellekti” elmi və pedaqoji layihə üzrə təhsil alan siniflər mövcuddur. Tədris Ukrayna dilində aparılır. Əsas xarici dil ingilis dilidir. Biz məqsədyönlü şəkildə liseyimizdə xarici dillərin öyrənilməsi istiqamətində 3 təhsil mərkəzinin yaradılmasını hədəfləmişik: roman-german, slavyan və şərq dilləri. Bu ildən liseyimizdə Azərbaycan dilini öyrətməyə başlayırıq. Liseydə ikinci xarici dil kimi alman, fransız, italyan, ispan, polyak, Çin, yapon, ərəb dilləri tədris olunur. Zərifə Əliyeva adına “Linqvist” humanitar liseyi Kiyev vilayəti və İrpen şəhərinin məktəbləri arasında yüksək reytinqə malikdir. Liseyimiz bir çox beynəlxalq layihələrdə iştirak edir və uğurlar qazanır.

 

Mən Azərbaycan Prezidenti cənab İlham Əliyevə şəhərimizin işğalı zamanı zərər çəkmiş təhsil ocağımıza ikinci doğum gününü bəxş etdiyi üçün dərin minnətdarlığımı bildirirəm. Xeyirxahlıq və övladlarımızın uğurlu gələcəyi naminə atılan bu addım sayəsində müharibədən əziyyət çəkən şagirdlərimiz oflayn rejimdə təhsil ala bilirlər. Möhtərəm Prezidentin göstərişi ilə liseyin tədris korpusu bərpa olunmaqla yanaşı, istilik sistemi və güclü generatorla təmin olunub. Liseyimiz, ölkəmiz üçün edilən bütün yardımlara  görə cənab İlham Əliyevə ürəkdən təşəkkür edirəm!

 

Böyük sevinc hissi ilə qeyd etmək istəyirəm ki, Naxçıvanda “Dostluq körpüsü” adlı əməkdaşlıq müqaviləsi imzalamaqla ölkələrimiz arasında daha möhkəm DOSTLUQ KÖRPÜSÜ inşa etdik və bu körpünün əbədi olacağına əminəm.

 

Lamiyə  ƏLİMƏRDANOVA