Prezident İlham Əliyev: “Böyük Qayıdış Proqramının icrası bizim üçün bir nömrəli vəzifədir”
Artıq 8 şəhər və 92 kəndin Baş planı təsdiqlənib, 30 kəndin təməli qoyulub. Qarabağda evlər, kəndlər yenidən qurulur. El öz yurd-yuvasına qayıdır, daha güclü, daha qürurlu, özgüvənli şəkildə. İndi onları alovlanan münaqişə ocağını necə söndürəcəyi fikri narahat etmir, mərd oğullarının düşmən tapdağından azad etdiyi torpaqların inkişaf planını vaxtında icra etmək məsələsi düşündürür. Çünki “Qarşıdan gələn illərdə çox böyük, irihəcmli yaşayış layihələri həyata keçiriləcək, xüsusən də Şuşa və digər şəhərlərdə. Bu, bizim proqramın tərkib hissəsidir”,- deyən Prezident İlham Əliyev hədəfi qəti qoyub. İşğaldan azad etdiyimiz torpaqlarda qurub-yaratmaq, bağçalar açıb, məktəblər tikmək lazımdır ki, bu gün təməli atılan kəndlərin məktəblərində sağlam və təhsilli gələcəyimizin bünövrəsi qoyulsun.
Füzuli yenidən qurulur
Füzuli indi tamamilə yenidən qurulur. Oktyabrın 16-da Prezident Qoçəhmədli və Cuvarlı kəndlərinin təməlini atıb. 94.62 hektar ərazidə tikilən Qoçəhmədlidə ümumilikdə 341 fərdi evin tikilməsi planlaşdırılıb. Kəndin tikintisinin birinci mərhələsi üçün 18.1 hektar torpaq sahəsi ayrılıb və burada 204 fərdi ev inşa olunacaq.
Cuvarlı kəndinin layihələndirilən ümumi ərazisi 115 hektardır. Burada ümumilikdə 291 fərdi ev və 2-4 mərtəbəli 21 yaşayış binası tikiləcək. Kəndin inşasının birinci mərhələsi üçün 28.1 hektar torpaq sahəsi ayrılıb, burada 129 fərdi ev tikiləcək. Kəndlərdə çoxfunksiyalı inzibati binanın, Bayraq meydanının, kafe-restoranın, mərasim evinin, çörək sexinin, aptekin, idman klubunun, ailə sağlamlıq mərkəzinin, istirahət və yaşıllıq zonalarının, klub-icma mərkəzinin, kitabxananın, ticarət obyektinin, bazarın, qonaq evinin tikilməsi planlaşdırılıb.
El öz yurduna qayıdır
Yeni yurd yerlərinə qayıdış planına görə, artıq 2300 məcburi köçkün evlərinə qayıdıb və ilin sonunadək onların sayı 5500-ə çatdırılacaq. Məsələn, Qoçəhmədliyə 1364 nəfərin, Cuvarlıya 1697 nəfərin köçürülməsi planlaşdırılıb. Qoçəhmədli kəndinə ilk mərhələdə 204 ailə - 710 nəfər, Cuvarlıya 129 ailə - 508 nəfər köçürüləcək.
Böyük Qayıdış Proqramının birinci mərhələsinin - 2026-cı ilin sonunda Füzulidə 22 min insan yaşayacaq. Növbəti üç ildə 100 mindən çox keçmiş məcburi köçkün öz evinin çırağını yandıracaq. Beləliklə, qaranlıq çökəndə yanan işıqların sayı hər gün daha da çoxalacaq.
Ellərlə birlikdə TƏHSİL də qayıdır
Tikilən, ucalan binalar arasında məktəb, bağça kimi fəaliyyət göstərəcək olanlar da var. Məsələn, Qoçəhmədli kəndində 264 şagird yerlik məktəb, 25 yerlik uşaq bağçası, Cuvarlıda isə 312 şagird yerlik orta məktəb, 50 yerlik uşaq bağçası inşa olunacaq.
Füzuli şəhərində 240 yerlik uşaq bağçasının təməlini oktyabrın 16-da Prezident İlham Əliyev özü qoyub. 2.4 hektar torpaq sahəsində tikiləcək uşaq bağçasının layihəsində əsas binadan başqa, oyun zonası, avtodayanacaq və texniki zona da var. Məktəbəqədər təhsil müəssisəsinin ikimərtəbəli binasında qrup, inzibati, texniki və tibb otaqları, idman və musiqi zalları, mətbəx olacaq. Burada uşaqların rahatlığı, ilkin biliklərə yiyələnmələri və əylənmələri üçün hər cür şərait təmin ediləcək. Uşaq bağçasının həyətində oyun meydançaları salınacaq və digər zəruri infrastruktur yaradılacaq.
Planlarda, sadəcə Füzuli deyil, işğaldan azad edilən bütün torpaqların inkişafı nəzərdə tutulub. Məsələn, Şuşa Real Məktəbi, Füzuli Peşə Liseyi, Zəngilan və Ağdam şəhərlərində hər birində 960 yerlik, Qubadlı şəhərində 600 yerlik tam orta məktəblər, Zəngilan və Ağdam şəhərlərində hər birində 160 yerlik körpələr evi-uşaq bağçası tikiləcək. Cəbrayıl və Kəlbəcərdə hər biri 960 yerlik olmaqla nəzərdə tutulan məktəb binalarının tikintisi sürətlə davam edir.
Burada təəccüblü heç nə yoxdur. Azərbaycanda uşaqların təlim-tərbiyəsinə, sosial müdafiəsinin gücləndirilməsinə, vətənpərvərlik ruhunda və sağlam yetişmələrinə daim xüsusi diqqət yetirilir. Bu məsələ işğaldan azad olunan ərazilərdə də diqqət mərkəzində saxlanılır. Odur ki, yurdlar dolduqca məktəblər, bağçalar da dolub-daşacaq. Ellər yurda qayıtdıqca təhsil də qayıdır. İndi Füzuli kimi, Laçında, Zabuxda, Ağalıda, Talışda bu torpaqları görməyən yüzlərlə məktəbli təhsil almağa başlayıb. Qarabağda fəaliyyətə başlayan məktəb sayı 6 olub. İşğaldan azad olunandan sonra yola ilk düzələn məktəblərdən tutmuş, şagirdlərini qarşılayacağı, ilk dərs keçiləcək günləri sayan məktəblərə qədər olan təhsil müəssisələrində son rəqəm belədir: ümumilikdə 780 şagird, onlara 94 müəllim dərs deyir.
İşğaldan azad edilmiş torpaqlarda ilk zəng 2022-ci ildə Zəngilanın Ağalı kənd tam orta məktəbində çalınıb. 360 yerlik ikimərtəbəli məktəbdə ilkin mərhələdə 60-dan çox şagird təhsil almağa başlayıb. Kənd tam orta məktəbi bu tədris ilinə 11 sinif, 120 şagird, 15 müəllimlə start verib. Ağalı kənd uşaq bağçasında 1 qrup fəaliyyət göstərir.
Füzuli və Laçın şəhərlərində yeni məktəb binaları istifadəyə verilib. Sentyabrın 15-də Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə Beynəlxalq Bilik Günü keçirilib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq inşa edilən 960 yerlik məktəbdə 160 şagirddən ibarət 11 sinifdə dərslərə başlanılıb. 15 müəllim burada dərs aparır.
Tərtər rayonunun Talış kənd tam orta məktəbində 144 yerlik tam orta məktəb, 78 yerlik məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. 7 sinifdə 19 şagirdə 8 müəllim təhsil bələdçiliyi edir. Kəndin uşaq bağçasında 1 qrup təşkil olunub.
Rayonun Suqovuşan kəndində də 144 yerlik tam orta məktəb öz şagirdlərini gözləyir.
960 yerlik Şuşa şəhər 1 nömrəli tam orta məktəbi də bu il 12 sinifdə 349 şagird, 25 müəllimlə tədris ilinin ikinci yarısında fəaliyyətə başlayacaq.
Laçın şəhərində 32 ildən sonra 2 nömrəli məktəbdə dərslər yenidən bərpa olunub. Burada 227 məktəbli ilə yanaşı müvəqqəti olaraq rayonun Zabux kəndinə köçürülənlərin övladları da təhsil alır. Zabux kənd tam orta məktəbində 11 sinif təşkil olunub. Burada 51 şagirdə 15 müəllim dərs deyəcək. Qeyd edək ki, Zabuxda əvvəllər ümumi orta məktəb olub.
“Qayıdış Proqramının icrası bizim üçün bir nömrəli vəzifədir”
Ancaq bu rəqəmlər ilin sonunadək artacaq. Axı, Qarabağda yaşayan insan sayı hər gün artır, köçənlərin sayı çoxalır...
Prezident İlham Əliyev deyir: “İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bu günədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırdığımız minimum büdcə 2.4 milyard ABŞ dolları olacaq.Yəni, bu, Azərbaycan üçün çox böyük maliyyə yüküdür. Ancaq Böyük Qayıdış Proqramının icrası bizim üçün bir nömrəli vəzifədir”.
Bu da o deməkdir ki, Qarabağda hər gün qalanan ocaqların, hər gecə yanan çıraqların sayı artacaq. Ellər evinə, təhsilalanlar təhsil müəssisələrinə qayıtdıqca, təhsil bərpa olunacaq, Qarabağ inkişaf edəcək.
R. DAŞSALAHLI