Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) üç aylıq təcrübə proqramında iştirak edən tələbələrinə sertifikatlar təqdim olunub.

 

Jurnalistika fakültəsinin I kurs tələbələri AZƏRTAC-ın yeni binasında yaradılan şəraitlə tanış olub, Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mətbuatla bağlı tədbirlərdə iştirakını, yerli və xarici mediaya müsahibələrini, Müzəffər Ali Baş Komandanın Vətən müharibəsi dövründə xalqa müraciətlərini, işğaldan azad olunmuş bölgələrə səfərlərini əks etdirən fotostendlərə baxıblar.

 

AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev tələbələrlə görüşdə agentliyin tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verib.

 

Bildirilib ki, AZƏRTAC ictimai-siyasi və iqtisadi mövzularda, habelə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit, digər sahələrlə bağlı 8 dildə - Azərbaycan, ingilis, rus, fransız, alman, ərəb, Çin və ispan dillərində fasiləsiz olaraq informasiya yayır. Bir əsrdən artıq yaşı olan agentlik zəngin jurnalistika ənənələrinə və təcrübəsinə malikdir.

 

Sonda tələbələrə sertifikatları təqdim edən İdarə Heyətinin sədri onlara təhsildə və gələcək fəaliyyətlərində uğurlar diləyib.