Universitetin 28 müəllimi dil tədrisinin əsasları və ingilis dili təlimlərində iştirak edib
Tədrisin keyfiyyətinin yaxşılaşdırılması, öyrətmə və öyrənmə prosesinin pedaqoji və texnoloji ehtiyaclarının ödənilməsi üçün insan kapitalıının inkişaf etdirilməsi olduqca vacibdir. Bu baxımdan, davamlı olaraq professor-müəllim heyətinin peşəkarlığının artırılması üçün universitetdə mütəmadi tədbirlər görülür. Belə önəmli addımlardan biri də ABŞ-ın Azərbaycan Respublikasındakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) və Azərbaycan Müəllim İnkişafı Mərkəzinin (AMİM) birgə layihəsidir. Aprel ayından başlanmış layihənin əsas məqsədi ADPU-da ingilis dilini tədris edən professor-müəllim heyətinin bacarıqlarının inkişaf etdirilməsidir.
Layihə çərçivəsində ADPU-da olan iki ingilis dili kafedrasının, həmçinin Şəki Filialının professor-müəllim heyəti prosesə cəlb edilib. Ölkəmizdə ilk olaraq müəllimlərin dil bilik səviyyələrinin müəyyənləşdirilməsi məqsədilə “Cambridge Assessment English Exam Centre”-in Azərbaycandakı rəsmi nümayəndəsi AMİM tərəfindən “Cambridge English Placement Test (CEPT)” imtahanları təşkil edilib. İmtahanların yekunlarına əsasən yüksək nəticə əldə etmiş müəllimlər üçün “TKT Modul 1 – Dil tədrisinin əsasları” və “İngilis dili” adlı təlimlər təşkil olunub. Cari ilin sentyabr ayından başlayan təlimlərdə ADPU üzrə 28 nəfər, Şəki Filialı üzrə 11 nəfər müəllim iştirak edir.
Oktyabrın 16-da CEPT imtahanlarından yüksək nəticə əldə etmiş və hazırda adıçəkilən təlimlərdə iştirak edən müəllimlərlə görüş keçirilib. Müəllimlik peşəsinin ucalığını qeyd edən rektor, professor Cəfər Cəfərov xarici dil bilməyin əhəmiyyətini diqqətə çatdırıb. Müasir dünyada müəllimlərin öz peşələri ilə yanaşı, ən azı iki xarici dildə danışmaq təcrübəsinin geniş yayıldığını vurğulayan rektor ali təhsil müəssisələrinin beynəlmiləlləşməsində, beynəlxalq reytinq cədvəllərində əsas göstəricilərdən biri kimi əcnəbi tələbələrin cəlbi prosesində xarici dillərin vacibliyinə toxunub. Bir ali təhsil müəssisəsi kimi gələcək nəsillərin formalaşmasında fəal rol oynamaq, daha çox beynəlxalq layihələr həyata keçirmək, digər ixtisaslar üzrə tədris aparan professor-müəllim heyətini də bu proseslərə cəlb etmək üçün əsas ağırlığın məhz ingilis dili müəllimlərinin üzərinə düşdüyünü bildirən rektor tədris prosesinin keyfiyyətinin artırılması məqsədilə görülən tədbirlərdə müəllimlərin fəal iştirakının vacib olduğunu qeyd edib. Professor Cəfər Cəfərov ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi Fulbrayt proqramı çərçivəsində xarici mütəxəssislərlə əməkdaşlıq imkanlarına toxunub, müəllimləri təşəbbüskar olmağa səsləyib. Müəllim mərkəzli tədrisdən tələbə mərkəzli sistemə keçidə toxunan Beynəlxalq əlaqələr üzrə prorektor Nigar Abbaszadə müəllimlərə uğurlar arzulayıb.
Sonra Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, “İngilis dili və onun tədrisi” metodikası kafedrasının müdiri, professor Nailə Sadıqova, “İngilis dili” kafedrasının müdiri, dosent Gülçöhrə Alıyeva, müəllimlər Gülhəyat Abdullayeva, Hicran Babayeva, Jalə Səmədova yaradılmış bu imkanlar üçün universitet rəhbərliyinə təşəkkür ediblər.
Qeyd edək ki, layihə çərçivəsində ADPU-da hazırlanan gələcək ingilis dili müəllimlərinin bilik səviyyəsini müəyyənləşdirmək məqsədilə “İngilis dili müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələr də prosesə cəlb olunub və onlar CEPT imtahanlarında iştirak ediblər.