Xanlar İmaməliyev: “Məni sevimli peşəmə müəllimlərim həvəsləndirdi”


10 il Zəngəzurda müəllim olub. Pedaqoji fəaliyyətə kənd müəllimi kimi başlayıb. 64 yaşlı Xanlar İmaməliyev ömrünün 46 ilini məktəbdə keçirib. 2012-ci ildən “Əməkdar müəllim”dir. Bu adı da, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təltif edilənlərdən biri olaraq “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalını da qürurla daşıyır.

 

Məktəbə də, instituta da “xüsusi göstəriş”lə qəbul olundu

 

Xanlar İmaməliyev 1959-cu ildə Zəngəzur mahalının Qafan rayonunun Pürülü kəndində doğulub,  kənd orta  məktəbini bitirib. Azərbaycan Dövlət Pedaqoji Universitetinə (həmin vaxt Lenin adına Azərbaycan Pedaqoji İnstitutu idi) 15 yaşında qəbul olunub: “Məktəbə tez, yəni 5 yaşımda getmişdim. Böyük qardaşlarım məktəbə gedirdi, mən də onlara qoşulub getdim. Bir il, sadəcə dərslərdə oturmağıma icazə verdilər. Tədris ilinin sonunda rayon təhsil şöbəsinin müdiri məktəbə gəlmişdi. Yoxlayanda gördülər ki, sinifdə şagird sayı jurnalla uyğun gəlmir. Səbəbini soruşdular və ibtidai sinif müəllimim Həsən Şəkərəliyev izah etdi ki, mən balacayam, qardaşımla gəlib oturmuşam, məktəbə yaşım düşmür, amma sinifdəki uşaqların hamısından daha  savadlıyam. Elə oradaca göstəriş verdilər, adım jurnala yazıldı və mən də hamı ilə bərabər ikinci sinfə keçdim”.

 

15 yaşında tələbə olması da İnstitutda problem yaradıb: “Pasportum olmadığı üçün instituta müraciətimi qəbul etmirdilər. Dəhlizdə dayanıb gözləyirdim. Mirzə Ələkbər Sabirin oğlu, o vaxt prorektorumuz olan Məmməd Səlim Tahirzadə məni gördü və dəhlizdə dayanmağımın səbəbini soruşdu. Sonra qızlara məni qeydiyyata almalarını tapşırdı və dedi ki, sevinməliyik ki, 15 yaşında tələbəmiz olacaq. Sənədlərim qəbul olundu, imtahan verdim və Riyaziyyat fakültəsinə qəbul olundum”.

 

Mehriban xanım Əliyeva üzərimizə məsuliyyət qoydu

 

Ali təhsil alıb kəndlərinə qayıdan Xanlar müəllim 1988-ci ilə qədər kənd müəllimi işləyib. Sonra mənfur qonşunun təcavüzkar siyasətinin zərərçəkənlərindən birinə çevrilib. Öz doğma kəndindən qovulandan sonra həyatına Bakıda davam etməli olub: “Bakı şəhərinə gələndən sonra 4 ay fəhlə işlədim. Hələ tam yerləşməmişdik, məktəblərdə yer yox idi və başqa bu kimi səbəblərdən bir müddət məktəbdən uzaq qaldım”.

 

1989-cu ilin sentyabr ayından Səbail rayonundakı 51 nömrəli məktəbdə işə başlayıb: “1 il riyaziyyat müəllimi işləyəndən sonra təlim-tərbiyə işləri üzrə direktor müavini təyin olundum. O vaxt müavinləri direktor təyin edir, müəllimləri direktorlar işə götürürdü. 10 il həmin məktəbdə müavin oldum”.

 

Təyinat uğurlu olub ki, X.İmaməliyevin barəsində yeni qərar verilib. 2000-ci ilin fevral ayından 236 nömrəli məktəbin direktorudur. Bu müddətdə məktəbin göstəriciləri yaxşılaşıb, uğurları çoxalıb: “2010-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə məktəbimiz tam təmir olundu. Təmirdən sonra Mehriban xanım Əliyeva açılışda iştirak etdi və üzərimizə məsuliyyət qoydu. Daha yaxşı nəticələr gözlədiyini dedi. Bu şəraitdən sonra yaxşı nəticə verməmək üçün əsasımız yox idi. Biz də bizdən gözlənəni etdik. Həmin vaxt şagirdlərimizdən 8 nəfər qızıl medalla bitirdi məktəbi, 8 nəfər Prezident təqaüdünə layiq görüldü”.

 

Bir sözlə, uğurlar sonrakı illərdə  də davam edib, “İlin məktəbi” müsabiqəsinin qalibi olan məktəbin məzunları buraxılış və qəbul imtahanlarında yüksək nəticə göstərərək məktəbi rayonda ən yaxşı məktəblərdən birinə çevirib və nəticəni gözləmək elə də uzun çəkməyib. 2012-ci ildə məktəb direktoru “Əməkdar müəllim” adına layiq görülüb.2018-ci ildə isə ölkə Prezidentinin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.

 

Artıq illərdir məktəbin uğurlarının artan dinamika ilə davam etdiyini deyən Xanlar müəllim ötən ilin nəticələrinə də diqqət çəkib: “Ötən tədris ilinin yekunlarına görə, məzunlarımızdan 5 nəfər Bakı Ali Neft Məktəbinə qəbul olunub”.

 

Onun müəllimləri

 

Minlərlə şagirdin “müəllim!”, - deyə müraciət etdiyi, yüzlərlə insanın “Mənim müəllimim” dediyi 64 yaşlı müəllimin özünün də müəllimi olub və hələ də var və ona orta məktəbdə riyaziyyat və Azərbaycan dili fənnini tədris edən müəllimlərini minnətlə anır: “Mənim müəllimim” deyəndə onları düşünürəm, mənə orta məktəbdə riyaziyyatı sevdirən Həsən Şəkərəliyevi və doğma dilimi dərindən mənimsədən İdris Piriyevi. Sadəcə ana dilimi yaxşı öyrəndiyim, riyaziyyatı sevdiyim üçün yox. Həmişə deyirəm ki, mən onların verdiyi çörəyi yeyirəm, çünki məni sevimli peşəmə məhz müəllimlərim həvəsləndirdi”.

 

64 yaşlı Xanlar müəllim deyir ki, hələ daha böyük uğurlar qazanmaq üçün beynində böyük planlar, ürəyində təpər, dizində taqət var. Odur ki, 45 ildir yol gəldiyi müəllimlik yolunda gücü çatdığı müddətcə yeriyəcək!

 

Ruhiyyə DAŞSALAHLI