Esmira Hacıyeva Azərbaycan müəllimlərinin XVI qurultayına nümayəndə seçilib


Məktəbdə əla qiymətlərlə oxuyan, tərbiyəsi, biliyi, davranışı ilə müəllimlərinin, sinif yoldaşlarının hörmət və sevgisini qazanan Esmira 11-ci sinifdə təhsil alarkən Ədəbiyyat kitabında “1906-cı ildə Müəllimlərin I Qurultayı keçirilib. Azərbaycan Müəllimlərinin II Qurultayı isə 1907-ci ildə baş tutub. Ölkənin sayılıb-seçilən müəllimləri: H.B.Zərdabi, N.Nərimanov,  A.Şaiq, S.S.Axundov, F.B.Köçərli bu qurultayın təşkilində böyük fəallıq göstəriblər. Qurultayda Azərbaycan təhsilinin mühüm problemləri müzakirə olunub... - fikirlərini oxuyur və biixtiyar - “keşkə”, - deyib...

 

İllər sonra... Azərbaycan müəllimlərinin XVI qurultayına Abşeron-Xızı Regional İdarəsi tərəfindən nümayəndə seçiləndə: “nəhayət, arzuma çatdım”, -deyərək göz yaşlarını saxlaya bilməyib...

 

Həyat hekayəsini qələmə aldığımız Abşeron rayonu Saray qəsəbə A.Müzəffərov adına 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Esmira Hacıyevadır. 1983-cü ildə Qərbi Azərbaycanın Krosnoselo rayonunda anadan olub. Uşaqlığı Göyçə mahalında S.Vurğun kəndində keçib.

 

Mənfur ermənilərin məkrli niyyətlərini hələ 5 yaşında duyan kiçik qız nənəsinə belə deyərmiş: - “Nənə, erməni gələndə məni yorğana bürü, çarpayının altında gizlət. Qoy məni tapa bilməsinlər,yoxsa öldürərlər”. Bəli, kiçik yaşlarından qaçqınlıq həyatı alnına yazılan bu qız bu gün yurd sevgisi həsrəti ilə yaşayır...

 

Orta məktəbdə oxuyarkən elə bir ədəbi-bədii gecə, yarış, viktorina olmayıb ki, onun iştirakçısı olmasın. Müxtəlif fənlər üzrə yarış, olimpiadalarda iştirak edib, rəsm qabiliyyətinə görə Xətai rayonu üzrə olimpiadada II yerə layiq görülüb.

 

Müəllimliyə olan sevgisi onu 2000-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə gətirib, filologiya fakültəsinin məzunu olub. 2005-ci ildə BDU-nun Azərbaycan ədəbiyyatı üzrə magistraturasına yüksək balla qəbul olaraq təhsilinə davam edib. Magistraturada qiyabi təhsil ala-ala Bakı şəhəri Xətai rayonu 95 nömrəli tam orta məktəbində pedaqoji fəaliyyətə başlayıb. Sonra ailə vəziyyəti ilə əlaqədar 2012-ci ildən pedaqoji fəaliyyətini Abşeron rayon Saray qəsəbə 2 nömrəli tam orta məktəbində davam etdirib, eyni zamanda sinifdənxaric, məktəbdənkənar işlər üzrə direktor müavini vəzifəsini də uzun müddət icra edib.

 

Esmira müəllim təkcə orta məktəbdə fəaliyyət göstərmir. Eyni zamanda Dövlət İmtahan Mərkəzində ekspert kimi fəaliyyət göstərərək 3-cü sinif Azərbaycan dili test vəsaitinin müəllifidir.

 

Söhbət əsnasında deyir: “Şagirdlərə test tapşırıqları hazırlayarkən istifadə etdiyim mətnlərin əksəriyyətini özüm yazıram. Bu da, əlbəttə ki, mənim ədəbiyyata olan böyük sevgimin və mütaliəmin nəticəsidir”.

 

Esmira müəllim MİQ imtahanlarında apellyasiya komissiyasının, inşa yazıların yoxlanılması üzrə Abşeron-Xızı Regional İdarəsində komissiyanın üzvüdür. İşlədiyi müddət ərzində təhsil meneceri, marker müəllim kimi bir çox təlimlərin iştirakçısı olub, 1-ci dərəcəli sertifikatlara layiq görülüb. Səmərəli fəaliyyəti qiymətləndirilərək fəxri fərmanlara, təşəkkürnamələrə layiq görülüb.

 

“Şagirdlərimin uğuru mənim uğurumdur”, - deyən Esmira müəllim hər zaman gənc nəslin tərbiyəsi, onların şəxsiyyət kimi formalaşması, fəal vətəndaş mövqeyi nümayiş etdirmələri üçün əlindən gələni edir. Şagirdləri fənn olimpiadalarında uğurla iştirak edib, ölkəmizin nüfuzlu ali məktəblərinin tələbəsi adına layiq görülüblər.

 

Esmira müəllim sözlərinə əlavə edir: “2023-cü ildə mənim və bir neçə müəllim yoldaşımın təşkilatçılığı ilə məktəbimizin şagirdləri Xəmsə I onlayın İncəsənət Festivalında dram nominasiyası üzrə 1-ci yerə çıxıblar. Dram səhnəciyinin ssenarisini yazarkən Nizami Gəncəvinin Nüşabəsinin Böyük İsgəndərə Vətənimizin rəmzi Xarı-bülbül bağışlaması səhnəsini improvizə etmişdim. Səhnəciyə yazdığım məntiqi sonluq hamıda xüsusi maraq oyatdı. Bu da, əlbəttə, məni çox sevindirməyə bilməzdi”.

 

Qeyd edək ki, Esmira Hacıyeva müəllimlərin diaqnostik imtahanında 55, sertifikasiya imtahanının test mərhələsində isə 58 bal toplayaraq uğur qazanıb.

 

Biz  də öz növbəmizdə  Esmira müəllimə bundan sonrakı fəaliyyətində daha böyük nailiyyətlər arzulayırıq!

 

Şakir CƏFƏROV