Gəncədə növbəti “Novruz mühazirəsi”


Martın 6-da Təhsil Nazirliyinin təşkilatçılığı ilə Gəncə şəhərində “Milli kimlik sualından milli dövlətçiliyə: müstəqilliyin çətin yolu” mövzusunda növbəti “Novruz mühazirəsi” keçirilib. Azərbaycan Dövlət Aqrar Universitetində təşkil edilən tədbirdə qonaqlar əvvəlcə Azərbaycan Xalq Cümhuriyyəti guşəsi ilə tanış olublar.

 

Sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev çıxış edərək, ölkə başçısının Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının yüzüncü ildönümünün dövlət səviyyəsində layiqincə qeyd edilməsi barədə imzaladığı sərəncamın dövlətçilik tariximizə verilən yüksək dəyərin nümunəsi olduğunu deyib. İcra başçısının müavini öncə Tiflisdə, daha sonra Gəncə şəhərində fəaliyyətə başlayan Şərqdə ilk parlament respublikasının milli dövlətçilik ənənələrinin bərpası işində böyük rol oynadığını vurğulayıb. 

 

Mühazirə iştirakçılarını salamlayan təhsil nazirinin müavini Firudin Qurbanov da ölkə Prezidenti İlham Əliyevin cümhuriyyətin yüz illiyi ilə bağlı sərəncamını yüksək qiymətləndirib.  O, 2018-ci ilin ölkədə "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilməsini tarixi hadisə adlandırıb. Nazir müavini xaricdə təhsil siyasətinin, eləcə də milli kadrların hazırlanmasının həmin dövrdə strateji hədəflərdən olduğunu qeyd edib. Bu dövrdə xalq təhsili və maarifləndirmə üzrə ilk nazirliyin - Xalq Maarif Nazirliyinin yaradıldığını, məktəblərin milliləşdirilməsi siyasətinin həyata keçirildiyini vurğulayıb. Həmçinin Bakı Dövlət Universitetinin açılması ilə yanaşı, parlamentin qərarı ilə ali təhsil almaq üçün bir qrup azərbaycanlı gəncin xarici ölkələrə yola salındığı bildirilib.

 

Tarix elmləri doktoru, professor Solmaz Rüstəmova - Tohidi  Cümhuriyyət qurucularının həyatı, ictimai-siyasi fəaliyyətləri haqqında ətraflı məlumat verib. Onların gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərdiklərini söyləyib. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və bir çox sahədə həyata keçirdiyi işlər Azərbaycan  tarixinin parlaq səhifəsidir.

 

Tarixçi alim Nəsiman Yaqubli isə o dövrki siyasi proseslərdən, Azərbaycanın təkcə daxildən deyil, həm də xaricdən olan düşmənlərlə mübarizəsindən danışıb.

 

Mühazirədən sonra qonaqlar Gəncə Dövlət Filarmoniyasının solistlərinin ifasında konsert proqramını dinləyiblər.

 

Tədbirdə iştirak edən ölkəmizdə təhsil alan əcnəbi tələbələr Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxt şəhəri olan qədim Gəncədə Cavad xan türbəsi, Şah Abbas məscidi, “Çökək hamamı” və Gəncə Dövlət Filarmoniyası ilə tanış olublar. Həmçinin böyük Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsi ziyarət edilib. Tələbələrə dahi şairin həyatı, yaradıcılığı və məqbərə haqqında məlumatlar verilib.

 

Diqqətəlayiq məqam...

 

Bu, tədbirin rəsmi hissəsi idi.  Ancaq bir neçə məqam da var ki, onların xüsusi vurğulanmasına ehtiyac var. Gəncəyə budəfəki səfərin bir fərqi var idi. Biz martın 6-da yola çıxmışdıq. Yüz illiyi qeyd ediləcək cümhuriyyətin yaradıcısı Məhəmməd Əmin Rəsulzadənin həmin gün - martın 6-da vəfatı günü idi. Yəni bu səfərə və tədbirə  təkcə mühazirə, tarixi yaddaşı təzələmək demək olmaz. Bu, həm də anım günü səfəri, tədbiri idi.

 

Aqrar Universitet və Cümhuriyyətin ilk parlamenti...

 

Azərbaycan Dövlət Aqrar Universitetinin binası qarşısındayıq. Qəribə duyğudur. İllər oncə, 1918-ci il iyunun 16-da qırmızı kərpicdən hörülmüş bu binada Azərbaycan Demokratik Cümhuriyyətinin ilk hökuməti qurulub, parlamenti fəaliyyət göstərib. İndi “Novruz mühazirəsi”ni də müstəqil Azərbaycanın elm, təhsil adamları və ictimaiyyət məhz bu zalda dinləyəcək. Həm də tanınan tarixçilərin iştirakı ilə.

 

Sözarası: Saatlarla danışılmalı mövzudur. ADR və onun banilərinin həyatı, gördükləri işlər. Bu gün Azərbaycan dövləti səviyyəsində görülən bu iş təqdirəlayiqdir. Keçmişimizi, bizə aid olan tarixi simaları heç vaxt unutmayacaq,  unutdurmayacağıq.

 

Nümunə adamlar...

 

Demokratik Cümhuriyyətin yaradıcıları deyəndə yada düşən adlar var... Onlardan biri Nəsib bəy Yusifbəylidir. Onun dostu, dövrünün tanınan maarifçi ziyalısı Nağı bəy Şeyxzamanlı xatirələrində yazır:

 

“Nəsib bəy atasının ona yolladığı məktubu əlinə aldı və dedi:

 

Seym dövründə Tbilisidə maarif naziri idim. Aldığım maaş məni təmin etməzdi. Həmişə olduğu kimi, Gəncədən - atamdan pul istəyərdim. Azərbaycanın istiqlalını elan etdik. Cümhuriyyətimizin maarif naziri oldum. Aldığım maaş yenə də məni dolandırmadı. Sən bilirsən, atamın icazəsi ilə bağlarımızdan birini müasir bağ yaratmaq qayəsi ilə ayırmışdım. Üç ildir  milli işlərdən baş açıb bağ ilə də məşğul ola bilmirəm. Atama bir məktub yazaraq, bu il də bağ işləri ilə məşğul ola bilməyəcəyimi, yenə əvvəlki kimi qamış alıb basdırmalarını söylədim. Atamdan bu cavabı aldım. Məktubu sənə oxuyuram:

 

“Əziz oğlum, artıq səbrim tükənib, dözə bilmirəm. Hamısını yazacağam. Sıxıntı içində borc alaraq sənin ali təhsil almağını təmin edə bildim. Ali təhsil alıb Gəncəyə qayıdanda artıq hər şeyin rahat olacağını yəqin etdim. Sən Gəncəyə gəlib bələdiyyədə ərzaq işləri üzrə müdir oldun, sənə yenə mən baxdım, məndən pul istədin. Sonra Tiflisə gedib Seymin maarif naziri oldun, aldığın pulla yenə özünü saxlaya bilmədin. Bir neçə dəfə pul istədin, göndərdim. Sonra Azərbaycanın istiqlalını elan etdiniz. Gəldin burada da maarif naziri oldun. Dövlətimizin mərkəzi olan Bakıda işlədin. Yenə də aldığın maaş səni təmin etmədi. Yenə də məndən pul istədin. Həmişə də göndərdim. Adına olan torpaq sahəsinin bir hissəsini satmışdım. Sənə o pullardan göndərdim. Bu gün isə Baş nazirsən. Dövlət başçısısınız, yəni, ölkənin padişahı olmusunuz. Bağının qamışını da mən alımmı?!”.

 

Dövlət qulluğu üçün qırx dörd azərbaycanlı...

 

O zamankı daxili və xarici siyasi basqılara rəğmən gələcək qururdular. Dövlət himni, özünün pul vahidi, bayrağı, gerbi, fərqlənən insanlarını təltif etmək üçün orden və medallar,  ordu, silahlı qüvvələrin ilk orkestri, xarici ölkələrdə yaradılan Azərbaycan nümayəndəlikləri, yeni parlament və orada bütün fraksiyaların təmsili işi. Yəni gerçək bir dövlət qurulurdu müsəlman şərqində. Cümhuriyyəti cümhuriyyət edəcək hər nə var idisə, hamısını etməyə çalışırdılar. Bir də bunun bünövrəsini qururdular. Bir belə gərginliyin içində ölkənin təhsil sistemini yaxşı yönəltməyə cəhdlər edilirdi. İndi Gəncədə Aqrar Universitetin ikinci binasında, illər öncə Nazirlər Kabinetinin yerləşdiyi binada, muzey kompleksində baş nazir Fətəli xan Xoyskinin bu barədə yazışmalarına dair sənədlər, hətta əlyazmalar saxlanılır. O, həmkarları ilə birlikdə təcili olaraq qırx dörd azərbaycanlı gənci məhz dövlət qulluğu üçün lazım olan ixtisaslara yiyələnsinlər deyə Almaniya və  Fransaya təhsil almağa göndərilməsini tələb edirdi. Bu tələb gərgin müzakirələrdən sonra müsbət həllini  tapmışdı.

 

Sözarası: “Bir kərə yüksələn bayraq, bir daha enməz” demişdi, düz yüz il öncə milli azadlıq hərəkatının lideri Məhəmməd Əmin Rəsulzadə. Amma endirdilər. Hamı da bitdi və endi sanmışdı. Ancaq o iyirmi üç ayda qaldırılan bayraq, qurulan cümhuriyyət, insanların daddığı istiqlal o qədər doğma, vacib və lazımlı idi. İnsanlar bunu gözəl anlaya bilmişdi. Cinayəti törədənlər isə anlamamışdı. Çox şeyi əldən almaq olar, amma beyindən silmək olmaz! O gün gəldi. Azərbaycan yenidən müstəqilliyini elan etdi...

 

İstiqlala böyük inam...

 

İli xatırlayın, 1920-ci il olsun məsələn, bir də günü xatırlayın, avqustun 27-si...

 

“ÇK” Azərbaycan ziyalıları, milli şüurli siyasi qüvvələri, AXC lider və fəallarını əl-əl axtarır. Onları məhv etmək göstərişini verib. Cümhuriyyət qurucularının bəziləri gizli evlərdə saxlanılır. Onlardan biri də Nəsib bəy Yusifbəylidir. Bir neçə əqidə yoldaşı ilə bərabər. Danışmaq istədikcə, gözləri dolur. Hamı bu üzdən susurdu. Sükutu özü pozur: “Biz Azərbaycanın istiqlalını qurduq, amma onu saxlaya bilmədik. Ruslar güclə vətənimizi işğal etdi, istiqlalımıza son qoydu. Müqəddəs ölkəmiz rusların istilası altına  keçdi. Ancaq bu cümhuriyyəti elan edəndə inandığımız və iman etdiyimiz bir şey var idi. O da bu ki, illərlə xalqımızı nə qədər əzirlərsə, əzsinlər, ancaq əbədi olaraq belə qalmayacaq. Xalqımızın beyninə yerləşdirdiyimiz istiqlal məfhumundan mənəvi varlığımıza hopmuş hürriyyət ruhunu söküb ata bilməyəcəklər. Onlar buna nail olmaq üçün vəhşiliyi və qəddarlığı ilə məşhur olan Neronu köməyə çağırsalar da, yenə müvəffəq ola bilməzlər. Və bir gün bu cümhuriyyətin istiqlalı yenə geri dönəcək”...

 

...Artıq o gündəyik, məmləkətin böyük kişiləri. Sizli-bizli arzumuza qovuşmuşuq.  Hələ daha artıq illər var olacaq, yaşayacaq məmləkətimiz. Çünki təməli, bünövrəsi gerçək VƏTƏN SEVGİsi ilə qoyulub!

 

 Jalə MÜTƏLLİMOVA