Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin müəllim və tələbə heyətinin Avropa Şurasının təşkilatçılığı ilə Strasburq şəhərinə təlim səfəri davam edir. Təlim səfərinin ikinci günündə Gender bərabərliyi bölməsinin layihə meneceri Danko Runic və Anca Sandescu, Qadınlara qarşı zorakılıq bölməsinin layihə rəhbəri Valentine Josenhans tərəfindən gender bərabərliyi, qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə mübarizəyə dair Avropa Şurası standartları haqqında mühazirələr keçirilib. Tələbələrin çoxsaylı sualları cavablandırılıb, eləcə də interaktiv formada müzakirələr aparılıb.  Hüquq fakültəsinin təşəbbüsü ilə həyata keçirilən “Tələbədən tələbəyə” layihəsi ekspertlər tərəfindən maraqla qarşılanıb.  

 

Təlim səfəri çərçivəsində hüquq fakültəsinin nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasının dinləmələrində iştirak edib.  

 

Qeyd edək ki, təlim səfərində fakültənin dekanı Zaur Əliyev, İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müəllimi, layihənin eksperti Gülnaz Rzayeva, tələbələr Nizami Mehralıyev, Həmidə Sadıqova, Nəzrin Sadıqova, Eltac Allahyarlı, Səyad Ələkbərov, Nigar Rəhimli, Nihad Rəhimli iştirak edirlər. Tələbələr esse müsabiqəsi əsasında Avropa Şurası tərəfindən seçiliblər.  

 

Təlim səfərində Avropa Şurasının layihə rəhbəri Pərvanə Bayramova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Taliyə İbrahimova da iştirak edir.