Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbində ELSA Naxçıvanın təqdimatı olub.
Tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev layihənin əhəmiyyətindən danışıb, tələbələrin bu layihənin imkanlarından faydalana biləcəyini deyib.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi, Naxçıvan Muxtar Respublikası Prokuroru Sənan Paşayev çıxış edərək gələcəyin hüquqşünaslarına öz dəyərli məsləhət və tövsiyələrini bildiriblər.
ELSA Azərbaycanın prezidenti Nərminə Hüseynzadə məlumat verib ki, ELSA dünyanın ən böyük hüquqşünas tələbələri təşkilatıdır. ELSA Avropanın 42 ölkəsinin, 210 universitetindən olan 35000-dən çox hüquqşünas tələbəni və gənc hüquqşunası özündə birləşdirir. Təşkilatın yaradılmasında və hazırki fəaliyyətində əsas məqsəd Avropanın müxtəlif ölkələrindən olan gəncləri eyni təşkilatda birləşdirməklə onlar arasında mənəvi-əxlaqi inteqrasiyaya, elmi biliklərin paylaşılmasına nail olmaqdan, beynəlxalq konfranslar, təlimlər, simulyasiya məhkəməsinin keçirilməsi yolu ilə hüquqşünas tələbələrin nəzəri biliklərinin praktiki tətbiqinə şərait yaratmaqdan ibarətdir.
N.Hüseynzadə ELSA Naxçıvanın əsasının qoyulmasında göstərdiyi dəstəyə görə rektor E.İsayevə öz minnətdarlığını bildirib.
ELSA Azərbaycanın və ELSA Naxçıvanın bayrağı təqdim edilib, qarşılıqlı reqlamentlərə imza atılıb.
Naxçıvan Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisasının 8 tələbəsindən ibarət idarə heyəti təsdiq olunub.
Rəsmi hissə başa çatdıqdan sonra ELSA Naxçıvanın prezidenti Xəyalə Məmmədova və lokal idarə heyətinin çıxışları dinlənilib.