Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyero Lənkərana səfəri çərçivəsində Lənkəran Dövlət Universitetində (LDU) olub.

 

Səfirlə görüşən LDU-nun rektoru professor Natiq İbrahimov qonağa Lənkəran Dövlət Universiteti barədə ətraflı məlumat verib. Meksikadakı universitetlərlə əməkdaşlığın qurulmasi, ikitərəfli elmi tədqiqatların aparılması, tələbə təqaüd proqramları ətrafında muzakirələr aparılıb.

 

Səfir bildirib ki, LDU-da aqrar yönümlü ixtisaslarda tələbə hazırlığından məlumatlıdır və bu istiqamətin daha da inkişaf etdirilməsi üçün universitetə dəstək olmaga hazırdır.

 

Görüşdən sonra LDU-nun Elmi kitabxanasının akt zalında Meksika Birləşmiş Ştatlarının səfiri və onu müşayət edən nümayəndə heyəti ilə universitetin professor-müəllim-tələbə heyətinin görüşü olub. Görüşdə çıxış edən diplomat  Azərbaycan və Meksika xalqlarının qədim tarixə, güclü dövlətçilik ənənələrinə malik olduğunu deyib, Meksikanın qədim tarixi abidələrini əks etdirən foto-sərgiyə baxışın iştirakçılar üçün maraqlı olacağını bildirib.

 

Qeyd edək ki, LDU-nun akt zalında "Meksikanın tarixi və memarlıq irsi" adlı maraqlı fotosərgi açılıb. Məşhur azərbaycanlı fotoqraf Aydın Sadıxovun çəkdiyi fotolardan ibarət sərgi iştirakçılara Meksikanın ən qədim şəhərlərinin tarixi və memarlıq əsərləri ilə tanışlıq imkanı yaradıb.