Naxçıvan Dövlət Universiteti (NDU) beynəlxalq əməkdaşlıq layihələri çərçivəsində Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən Erasmus + proqramının “Azərbaycanda institusional repozitoriyalar (elektron arxivlər) şəbəkəsi vasitəsilə tədqiqat potensialının inkişaf etdirilməsi” (DIRNA) layihəsinə qoşulub.

 

NDU-dan bildirilib ki, layihəyə 8 Azərbaycan və 3 Avropa universiteti daxildir.

 

2023-2026-cı illəri əhatə edən layihənin məqsədi tərəfdaş Avropa universitetlərinin  təcrübə və standartlarının öyrənilməsi və tətbiqi əsasında keyfiyyətli elmi tədqiqatın üzə çıxarılması və idarə olunmasını təkmilləşdirməklə yanaşı, tədqiqat nəticələrinə açıq çıxışı dəstəkləmək, ölkə daxilində ali təhsil müəssisələri arasında elmi əlaqə və koordinasiyanı təşviq və təşkil etməkdən ibarətdir.  

 

Açılış tədbirində NDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova və universitet Elmi Kitabxanasının direktoru Xumar Məmmədova iştirak ediblər. Beynəlxalq əlaqələr şöbəsinin müdiri İ.Hüseynova tədbirdə geniş təqdimatla çıxış edib.

 

İki gün davam edən görüşdə tərəfdaş universitetlərin layihədəki rolu və onların fəaliyyəti, layihənin inkişafı ilə bağlı nəzərdə tutulan məsələlər müzakirə edilib.