Avropa Birliyinin dəstəyi ilə həyata keçirilən “Erasmus+ KA2” proqramı üzrə “Azərbaycanda institusional repozitoriyalar (elektron arxivlər) şəbəkəsi vasitəsilə tədqiqat potensialının inkişaf etdirilməsi” (DIRNA) layihəsi ictimaiyyətə təqdim olunub.

 

Xəzər Universitetinin koordinatorluğu və ev sahibliyi ilə keçirilən təqdimatda layihənin yerli tərəfdaşları olan Azərbaycan Texniki Universiteti (AzTU), Bakı Dövlət Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti ilə yanaşı, Avropadan olan tərəfdaş ali təhsil müəssisələrinin (Jyvaskyla Universiteti (Finlandiya),  L’Aquilla Universiteti (İtaliya), İzmir Yüksək Texnologiya İnstitutunun (Türkiyə)) nümayəndələri də iştirak ediblər.

 

Təqdimat mərasimində AzTU-nu Kitabxana İnformasiya Mərkəzinin (KİM) direktoru Xəyalə Hacıyeva, mərkəzin rəqəmsallaşdırma üzrə baş məsləhətçisi İltifat İbrahimov və Beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq layihələr üzrə qrup rəhbəri Mətanət Paşayeva təmsil edib.

 

Görüşdə AzTU KİM-in direktoru X.Hacıyeva universitet haqqında geniş təqdimatla çıxış edib.

 

İki gün davam edən görüşdə layihə çərçivəsində nəzərdə tutulmuş işlərin planı, maliyyə məsələləri, hər bir tərəfdaş universitetin layihədəki rolu və fəaliyyəti, potensial risk və onların həlli yolları müzakirə olunub.