Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Auldun, "British Council Azərbaycan"nın direktoru Nərgiz Hacıyeva və səfirliyin biznes və ticarət şöbəsinin müdiri Elvin Raziyev Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar.
Qonaqları qəbul edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı Səfirliyi ilə həyata keçirilmiş əməkdaşlıq layihələrinə diqqət çəkərək universitet haqqında məlumat verib. Bildirib ki, ölkəmizin memarlıq və inşaat üzrə yüz illik ali təhsil ənənəsini özündə birləşdirən AzMİU beynəlxalq əlaqələrin qurulmasına və bu yolla daha da modernləşməkdə maraqlıdır.
Professor G.Məmmədova ölkələrimiz arasında mövcud mədəni və iqtisadi əlaqələrə diqqət çəkərək əməkdaşlıq üçün münbit zəmin olduğunu qeyd edib. İki ölkə arasında əməkdaşlığın bir çox istiqamətlərdə uğurla inkişaf etdiyini deyən rektor elm və təhsil sahəsində, o cümlədən AzMİU ilə Birləşmiş Krallıq universitetlərinin mövcud və potensial əməkdaşlıq imkanlarından danışıb.
AzMİU-nun Birləşmiş Krallığın Northampton, Anglia Ruski və Lester universitetləri ilə əməkdaşlığından danışan rektor bunlardan əlavə, hazırda Vestminster Universiteti ilə magistr səviyyəsi üzrə ikili diplom müqaviləsinin imzalanma mərhələsində olduğunu vurğulayıb.
"British Council Azərbaycan"la faydalı əməkdaşlıq əlaqələri, səfirlik və "British Council Azərbaycan"la sıx əməkdaşlıq sayəsində AzMİU-nun memarlıq fakültəsinin Britaniya Memarlarının Kral İnstitutunun (RİBA) 5 illik akkreditasiyasını alması, hazırda ölkəmizin bir sıra ali təhsil müəssisələrində mövcud olan "British Council”ın ingilis dili sertifikasiyası prosesinin ilk dəfə AzMİU-da təşkil olunması qeyd edilib.
Səfir Fergus Auldun səmimi qəbula görə təşəkkürünü bildirib, bu günə qədər mövcud olan əməkdaşlıqların daha da inkişaf etdirilməsi, eləcə də yeni layihələrin realaşdırılması üçün səy göstərəcəyini söyləyib. O, Birləşmiş Krallıq universitetlərinin memarlıq və bərpa ilə bağlı təcrübələrinin ölkəmiz üçün hazırda daha da əhəmiyyətli ola biləcəyini və AzMİU ilə həmin ali təhsil müəssisələri arasında əlaqələrin yaradılmasına hazır olduqlarını ifadə edib.
"British Council”ın AzMİU ilə əməkdaşlığının bundan sonra da davam edəcəyinə əminliyini bildirən Nərgiz Hacıyeva rektor G.Məmmədovanın 2016-cı ildə Londonda keçirilən “Böyük Britaniya-Azərbaycan Universitetlərarası Forum”undakı çıxışına, əməkdaşlıq üçün təkliflərinə diqqət çəkərək, bu təkliflərin iki ölkə arasındakı təhsil əlaqələrinə böyük töhfə verə biləcəyini deyib.
Elvin Raziyev isə çıxışında ölkəmizdə rəqəmsal inşaatın yeni formalaşdığını, səfirliyin bu istiqamətdə kadr hazırlığı üzrə AzMİU ilə əməkdaşlıq niyyətində olduğunu bildirib.
Görüş müzakirələrlə davam edib.