Tədbirdə bir sıra monoqrafiyanın da Web of Science-in məlumat bazasına daxil edilməsi təklif edilib
Oktyabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İbrahim Quliyev Clarivate Analytics (Thomson Reuters) təşkilatının Əqli Mülkiyyət və Elm Departamentinin İnkişaf etməkdə olan ölkələr üzrə baş direktoru Viji Krişnanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə akademik İbrahim Quliyev AMEA-nın Clarivate Analytics ilə əməkdaşlığı yüksək dəyərləndirərək yaradılan imkanlara görə təşkilatın rəhbərliyinə minnətdarlığını bildirib. AMEA ilə Clarivate Analytics təşkilatı arasında əməkdaşlıq müqaviləsinin imzalandığını xatırladan vitse-prezident Web of Science məlumat bazasının istifadəçilərinin sayının tədricən artdığını qeyd edib. Akademik İbrahim Quliyev qurulan əlaqələrin ildən-ilə genişləndiyini vurğulayaraq respublikada nəşr edilən bir sıra monoqrafiyanın da Web of Science elmmetrik məlumat bazasına daxil edilməsini təklif edib.
Sonra çıxış edən Viji Krişnan akademiyanın respublikada elmi nəşrlər üzrə lider təşkilat olduğunu vurğulayıb: “Azərbaycanda nəşr olunan elmi məqalələrin 60%-i AMEA alimlərinə məxsusdur. Bu isə ildə 700-dək indeksləşmiş məqalənin dərc olunması deməkdir”.
Clarivate Analytics-in akademiya ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayan Viji Krişnan AMEA üçün xüsusi təlimlər proqramının hazırlandığını, bu günədək 30-dan çox təlimin baş tutduğunu, bu təlimlərdə 700-dən artıq alimin iştirak etdiyini əlavə edib.
Daha sonra təşkilatın Təhsil proqramları üzrə direktoru Valentin Boqorov elmi jurnalların təkmilləşdirilməsinə dair işlər haqqında danışaraq 50-dək elmi jurnalın redaktorları üçün seminarın keçirildiyini qeyd edib. Həmçinin qonaq bildirib ki, gələcəkdə elmi məqalələrin yazılması üzrə xüsusi təlimlərin keçirilməsi planlaşdırılır. Bundan əlavə qonaq rus dilində olan elmi jurnalların Regional məlumat bazasından söz açaraq burada texniki və təbiət elmləri ilə yanaşı, humanitar elmlərin də əks olunduğunu, Azərbaycan alimlərinin bu jurnallara öz məqalələrini təqdim edə biləcəyini qeyd edib. Valentin Boqorov onu da əlavə edib ki, hazırda ərəb ölkələrində işıq üzü görən elmi nəşrlərin indeksi hazırlanır və bu məlumat bazasına 1000-nə yaxın elmi jurnalın daxil ediləcəyi gözlənilir. Qeyd edib ki, ərəb ölkələri ilə yanaşı, digər ölkələr, o cümlədən Azərbaycanda da nəşr olunan elmi jurnallar bu bazaya daxil edilə bilər.
Görüşdə Clarivate Analytics agentliyinin Azərbaycan üzrə nümayəndəsi və elmi-informasiya resursları üzrə eksperti Aygün Babazadə çıxış edərək akademiyanın ayrı-ayrı elmi müəssisələrinin bu sahədəki aktivliyini müəyyən etmək məqsədilə statistik göstəricilər əsasında təhlillər aparıldığını qeyd edib.