Yüksək balla müəllimlik ixtisasını seçən Nuranə Payızovanın uğur hekayəsi
- Elin sözü əvvəl-axır düz olur, - kimi maraqlı bir deyimi hamımız çox eşitmişik. Elə “niyyətin hara, mənzilin ora” kimi müdrik kəlamı da eləcə. Və bu müdrik kəlamlar əsrlərin süzgəcindən nəsil-nəsil yaddaşlara hopmaqla həyatımızı düzgün nizamlamaqda bizlər üçün mayak rolunu oynayıb, bizləri həyata düzgün istiqamətləndirib. Yüzlərlə misal sadalamaq olar ki, bir kimsə sevmədiyi, ürəkdən bağlı olmadığı peşəyə yiyələnməyə can atıb, ancaq buna nail ola bilməyib. Bu məqamı da ata-babalarımız unutmayıb , “daldan atılan daş topuğa dəyər” və sair kimi çoxlu sayda müdrik zərb məsələləri ilə bizi ayıq-sayıq olmağa ruhlandırıb, ürəkdən sevdiyimiz peşələrə yiyələnməyi tövsiyə edib. Bütün yaradıcılığı fəlsəfi məzmun kəsb edən mərhum düha sahibimiz xalq şairi Bəxtiyar Vahabzadə isə “ Yaşamaq yanmaqdır, yanasan gərək, həyatın mənası yalnız ondadır…” deyib. Çox haqlı da deyib. Çünki insan hədsiz sevgi və məhəbbətlə çalışmadığı sahədə heç bir uğura imza ata bilməz. Və bütün bunların əzəli, əvvəli orta məktəbdən, hələ erkən yaşlarında təhsilə, elmə münasibətdən başlayır. Məktəbli gələcəkdə hansı peşənin sahibi ola biləcəyini vaxtında düzgün müəyyənləşdirməlidir ki, sonrakı peşmançılığa düçar olmasın. Və bu yazıda öz hədəfini düzgün seçərək arzusuna qovuşan belə gənclərdən biri haqqında ürəkdolusu söhbət açacağıq. O, gənc isə Bakı Dövlət Universitetinin mexanika -riyaziyyat fakültəsinin I kurs tələbəsi Nuranə Payızovadır.
“Riyaziyyat fənni bütün elmlərin açarıdır”
Nuranə Payızova 2005 -ci ildə Masallıda anadan olub. Sumqayıtdakı 5 nömrəli tam orta məktəbi bitirib. Tədris illərində müxtəlif tədbirlərə, o cümlədən bilik yarışmalarına qatılıb. Bu il keçirilən qəbul imtahanlarında 677,1 bal toplayaraq Bakı Dövlət Universitetinin mexanika- riyaziyyat fakültəsinin tələbəsi adını qazanıb. Söhbət zamanı həmin anları xatırlayarkən Nuranə bu gün də öz həyəcanını gizlədə bilmirdi. Dedi ki, doğrudan da bu cür məsuliyyətli imtahanda 677,1 bal toplamaq asan iş deyil. Bu balı qazanmaq üçün ilk öncə bilikli olmalısan, bilikli olmaq üçünsə əzmlə çalışmalısan. Hələ yeniyetməlik çağlarımda məndə riyaziyyat müəllimi olmaq arzusu baş qaldırmışdı. Ümumiyyətlə, bu fənnə həmişə böyük marağm olub. Riyaziyyat bütün elmlərin açarıdır. Bütün fənləri yaxşı oxumağımla bərabər riyaziyyatla bağlı keçirilən bilik yarışmalarına qatılmışam və uğur da qazanmışam. Ali məktəbi seçəndən sonra mən öz üzərimdə hədsiz dərəcədə çox işlədim, çoxlu mütaliə etdim.
“İstirahət vaxtlarımı da təxirə saldım”
Dərslərimə daha çox vaxt ayırmağa çalışdım. Hətta istirahət vaxtlarımı da təxirə saldım. Müstəqil olaraq öz üzərimdə səylə çalışmışam. Özümə qarşı tələbkar olmuşam. Sınaq imtahanlarından da yüksək nəticə əldə edirdim. Buna görə də qəbul imtahanlarından yüksək bal toplayacağıma əmin idim. İnsan özünə güvənməlidir, ancaq bunun üçün də əsas olmalıdır. Etiraf edirəm ki, imtahan çox məsuliyyətli bir prosesdir. Burada biliyini ortaya qoymalısan.
“Müəllimlərim uğurlarımı çox dəyərləndirirlər”
İxtisas seçimində sərbəst idim, valideynlərimin və müəllimlərimin heç bir təsiri olmadı. Ən böyük arzum BDU-nun tələbəsi adını qazanmaq idi, onu da qazandım. Artıq bir aya yaxındır ki, dərslərimiz başlayıb. Dünən şagird Nuranə idim, bu gün isə tələbə Nuranə. Tədris ocağı, müəllimlər, tələbə yoldaşlarım, dərsliklər, ümumiyyətlə, tamam başqa bir aləmdəyəm. Yeni kollektivdə doğmalıq hiss edirəm. Qrup yoldaşlarımla elə ilk gündən dostlaşdıq. Qəbul imtahanlarından yüksək bal toplamağım burada da diqqətdən yayınmır. Müəllimlərim uğurlarımı çox dəyərləndirirlər. Bir sözlə, özümü burada orta məktəbdə olduğu qədər rahat hiss edirəm. Amma bir gün olsun belə təhsil aldığım tam orta məktəbi, sevimli müəllimlərimi və şagird yoldaşlarımı, dostlarımı unutmuram. Ali məktəb başqa aləmdirsə, on bir il təhsil aldığın orta məktəb isə həyatımın mayasıdır.
“Mənim üçün uğur nədir?”
Müəllim peşəsi şərəflidir, müqəddəsdir. Bütün dövrlərdə bu peşə sahiblərinin üzərinə böyük vəzifələr düşüb. İnsanlara bilik vermək, elm öyrətmək, onları həyata düzgün istiqamətləndirmək kimi mühüm vəzifənin öhdəsindən gəlmək olduqca şərəflidir. Yaxşı müəllim olmaq üçünsə gərək savadlı, bacarıqlı, fitri istedad sahibi olasan. Uğur sözünü tez-tez işlədirik və mən özüm də bu sualı özümə verirəm. Görən mənim üçün uğur nədir? - düşünürəm və tez də cavabım hazır olur. Uğura gedən yolda məqsəd aydın olmalıdır. Onda onu həyata keçirmək də asan olar. Çalışqan olmaq lazımdır ki, uğur qazanasan. Yalnız özünü gördüyün sahədə uğur qazana bilərsən. 677,1 bal toplayıb Bakı Dövlət Universitetinə qəbul olmuşamsa demək bu, mənim uğurumdur. İstirahət günlərini həmişə səbirsizliklə gözləyirəm. Rəfiqələrim də mənim kimi düşünürlər. Dənizkənarı Parkda gəzməyi, sakitliyi çox xoşlayıram.
Arzum gələcəkdə magistratura təhsili almaq, tədrislə bağlı kurslar açmaq, şagirdlərimə riyaziyyat fənnini sevdirməkdir. Müəllim üçün bundan böyük hansı arzu ola bilər?!
Sifai SƏFƏROVA