Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşları üçün Böyük Britaniyanın “QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyinin komandası tərəfindən təlim təşkil edilib.
Təlim universitetin QS reytinqinin daha yüksək pillələrə qaldırılması və qlobal mühitdə tanıdılmasına dəstək məqsədi daşıyıb.
BMU-nun Xarici əlaqələr və layihələrin idarəolunması şöbəsinin müdiri Nərmin Ələkbərova təlimçilər (agentliyin konsaltinq layihələri üzrə koordinatoru Dara Bukhtoyarova və konsultantları Habib Fardoun, Nilly Castaño, Zaeem Siddiqui) tərəfindən gerçəkləşdiriləcək təlimin istiqamət və mahiyyəti barədə iştirakçıları məlumatlandırıb.
Sonra təqdimatlarla çıxış edən təlimçilər QS reytinqlərinin tərtibatı, reytinq metodologiyası, universitetlərin reytinqinin müəyyənləşdirilməsi zamanı diqqətə alınan zəruri məqamlar, başlıca meyarlar və əsas sahələr haqda məlumat veriblər. Eyni zamanda, təlimdə müvafiq ixtisasların digər nüfuzlu universitetlərdəki ixtisaslarla uyğunlaşdırılması, bu sahədə tərəfdaşlıq, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi kimi məsələlər nəzərdən keçirilib.
Təlim BMU əməkdaşlarını maraqlandıran sualların QS agentliyinin təlim komandası tərəfindən ətraflı cavablandırılması ilə davam edib.