Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatoru olduğu “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda Erasmus+ layihəsi çərçivəsində növbəti təlimlər İspaniyanın Kataloniya Politexnik Universitetində (UPC) baş tutub. Avropa Komissiyası tərəfindən maliyyələşdirilən layihədə konsorsium üzvü olan 11 Azərbaycan universitetinin rektorları, prorektorlar, inzibati və akademik heyətdən ibarət 27 nəfərlik nümayəndə heyəti işgüzar səfərdə iştirak ediblər.
Təlimlərin başlıca məqsədi innovasiyaların idarə edilməsi, sahibkarlıq fəaliyyətləri və institusional dəstək mexanizmləri üzrə İspaniya ali təhsil müəssisələrinin qabaqcıl təcrübələrinin öyrənilməsi olub.
Təbdbirin açılış mərasimində çıxış edən UPC-nin prorektoru professor İmma Ribas Azərbaycan ali təhsil müəssisələrinin nümayəndə heyətini salamlayıb, layihənin önəmindən danışıb və belə bir layihədə təmsil olunmaqdan məmnunluğunu ifadə edib.
Sonra təlim iştirakçıları üçün UPC-nin İnnovasiya İdarəetmə Xidmətinin fəaliyyəti haqqında təqdimat edilib.
İspaniyalı sahibkarlarla görüşlərin və müzakirələrin keçirilməsi təlim proqramını maraqlı və məhsuldar edib. Proqram çərçivəsində iştirakçılar MediaTIC, Intro Barcelona Activa, Barcelona Supercomputing Center, FCIM and Indl Tech kimi innovasiya mərkəzlərini ziyarət edərək onların fəaliyyəlləri ilə yaxından tanış olublar.
Bununla yanaşı, sahibkarlıq fəaliyyətlərinin universitetin inkişaf strategiyasına inteqrasiya edilməsi və digər mövzularda təlimlər keçirilib, yekunda müvafiq mövzular üzrə komanda işləri nümayiş etdirilib.
Qeyd edək ki, MDU Azərbaycanda koordinator statusunda Erasmus+ layihəsinin qalibi olan ilk region universitetidir.
36 ay müddətində reallaşdırılacaq layihənin əsas məqsədi Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi, akademik heyətin və tələbələrin sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi, universitetlərimizdə innovativ yanaşmanın təkmilləşdirilməsi, tədris prosesinin məzmununda praktiki komponentlərin artırılması, startap fəaliyyətlərinin və universitet–sənaye əməkdaşlığının genişləndirilməsidir.