Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak etmək üçün ölkəmizdə səfərdə olan ABŞ-ın “ESRI” şirkətinin beynəlxalq strategiya üzrə regional direktoru Sohail Elabd və şirkətin Baş məsləhətçisi Ahmed Avady ilə görüşüb.
Rektor qonaqlara Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun ən sürətlə inkişaf edən ölkəsi olan Azərbaycanda insan kapitalının məqsədyönlü inkişafı üçün atılan addımlar, təhsil sahəsində gerçəkləşdirilən ikili dövlət, eləcə də xaricdə təhsil üzrə dövlət proqramları barədə məlumat verib.
Ölkəmizlə “ESRI” şirkətinin səmərəli əməkdaşlığına diqqət çəkən rektor BMU-nun şirkətlə əlaqələrin qurulması və genişləndirilməsi ilə bağlı imkanlarının olduğunu bildirib.
Y.Piriyev BMU-nun laboratoriyalarının proqram təminatının daha da gücləndirilməsi istiqamətində görüləcək işləri önə çəkərək, bu baxımdan “ESRI” şirkəti ilə əməkdaşlığın önəmini vurğulayıb.
Öz növbəsində Sohail Elabd Azərbaycanda olmaqdan məmnunluq duyduğunu bildirib. O, ölkəmizin sürətli inkişaf yolu keçdiyini və daha böyük nailiyyətlər əldə etmək üçün böyük potensialının olduğunu söyləyib. Təmsil etdiyi şirkətin fəaliyyəti və hazırda bir çox sahələrdə uğurla tətbiq olunan proqram təminatları haqqında zəruri informasiyaları nəzərə çatdıran Sohail Elabd Coğrafi İnformasiya Sistemləri (CİS) sahəsində şirkətin yaratdığı proqram təminatlarından ətraflı danışıb. O, bu proqramların BMU-da ödənişsiz istifadəsi üçün lisenziya verməyə hazır olduqlarını fikirlərinə əlavə edib.
Gələcək əməkdaşlığın əsas istiqamətlərinin nəzərdən keçirildiyi görüşdə lisenziyalı proqram təminatlarının və onların bir çox modullarının BMU-da istifadə edilməsi barədə razılığa gəlinib.
Sonra qonaqlar BMU-nun proqramların tətbiq ediləcəyi memarlıq və inşaat fakültəsinin sənaye mühəndisliyi laboratoriyası ilə tanış olublar.