Mingəçevir Dövlət Universitetinin koordinatoru olduğu “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda Erasmus+ layihəsi çərçivəsində növbəti təlimlər İspaniyanın Kataloniya Politexnik Universitetində baş tutub. Layihədə Naxçıvan Dövlət Universitetini beynəlxalq əlaqələr üzrə prorektor Aidə Cəlilzadə, rektor məsləhətçisi Rəcəb Səfərli təmsil ediblər.

 

Məlumat üçün qeyd edək ki, təlimlərin başlıca məqsədi innovasiyaların idarə edilməsi, sahibkarlıq fəaliyyətləri və institusional dəstək mexanizmləri üzrə İspaniya ali təhsil müəssisələrinin qabaqcıl təcrübələrinin öyrənilməsi olub.  

 

Layihə ərzində təlim iştirakçıları universitetin İnnovasiya İdarəetmə Xidmətinin təqdimatında iştirak ediblər. İspaniyalı sahibkarlarla görüşlərin və müzakirələrin keçirilməsi isə təlim proqramının ən məhsuldar fəaliyyətləri sırasında yer alıb. Proqram çərçivəsində iştirakçılar MediaTIC, Intro Barcelona Activa, Barcelona Supercomputing Center, FCIM and Indl Tech kimi innovasiya mərkəzlərini ziyarət edərək onların fəaliyyətləri ilə yaxından tanış olublar. Bununla yanaşı, sahibkarlıq fəaliyyətlərinin universitetin inkişaf strategiyası və fəaliyyətlərinə inteqrasiya edilməsi, digər mühüm mövzularda təlimlər keçirilib, yekunda isə müvafiq mövzu barəsində komanda işləri nümayiş etdirilib.