Oktyabrın 16-da Milli Aviasiya Akademiyasında Təhsil Nazirliyi və “Azərkosmos" ASC-nin birgə təşkilatçılığı ilə “CanSat Azərbaycan 2018” model peyk müsabiqəsində uğur qazanan komandaların təltifetmə mərasimi keçirilib.

 

Mərasim iştirakçıları əvvəlcə komandalar tərəfindən hazırlanmış peyk modellərinin sərgisi ilə tanış olublar.

 

Tədbirdə Milli Aviasiya Akademiyasının rektoru, Kosmik Məsələlər üzrə Şuranın sədri, akademik Arif Paşayev, Kosmik Məsələlər üzrə Şuranın həmsədri, akademik Roald Saqdeyev, təhsil naziri Ceyhun Bayramov, “Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev iştirak edib.

 

Milli Aviasiya Akademiyasının rektoru, Kosmik Məsələlər üzrə Şuranın sədri, akademik Arif Paşayev çıxış edərək “CanSat Azərbaycan 2018” müsabiqəsinin gənclərin kosmik texnologiyalar sahəsinə marağının artırılmasına xidmət etdiyini bildirib. Rektor müsabiqənin finalında iştirak edən hər bir komandanın qalib olduğunu və adlarını Azərbaycanın ilk “CanSat” müsabiqəsinin tarixinə böyük hərflərlə yazdıqlarını diqqətə çatdırıb.

 

Təhsil naziri Ceyhun Bayramov isə qeyd edib ki, Azərbaycanda ilk dəfə keçirilən “CanSat Azərbaycan 2018” model peyk müsabiqəsində ölkənin 11 ali təhsil müəssisəsindən 31 komandanın iştirak etməsi tələbələrin bu yarışmaya olan yüksək marağından xəbər verir. Nazir ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən insan kapitalının inkişafına göstərilən yüksək diqqət və qayğının müsbət nəticələr verdiyini nəzərə çatdırıb. Təhsil naziri bildirib ki, uğurla reallaşdırılan düşünülmüş dövlət siyasəti nəticəsində Azərbaycanın adı kosmik sənayesi olan azsaylı ölkələrin siyahısına daxil edilib. Bu ilin sentyabrındaAzərbaycanın sayca 3-cü peykinin orbitə çıxarılması ölkəmizin dünya kosmik sənayesindəki mövqeyinin daha da möhkəmləndirilməsi baxımından tarixi hadisə olub.

 

Təhsil naziri Ceyhun Bayramov müsabiqə qaliblərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Nazir əmin olduğunu bildirib ki, müsabiqə qalibləri gələcəkdə ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edəcəklər.

 

Daha sonra müsabiqənin final mərhələsində uğur qazanan komandalara - birinci yerin qalibi Milli Aviasiya Akademiyasının “Envi_Sat”, ikinci yerin qalibi Bakı Ali Neft Məktəbinin “İnterstellar”, üçüncü yerləri bölüşən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının “MS_U_FO” və Bakı Mühəndislik Universitetinin “Rodimus” komandalarına qiymətli hədiyyələr və sertifikatlar, müsabiqə müddətində göstərdikləri dəstəyə görə komandaların təmsil olunduğu təhsil müəssisələrinə təşəkkürnamə verilib. Müsabiqədə fərqlənən digər komandalara həvəsləndirici mükafatlar təqdim edilib.

 

Tədbirdə “CanSat Azərbaycan” müsabiqəsinin ölkənin milli kosmik sənayesində innovasiyaların tətbiq edilməsi və bu sahədə yerli kadrların hazırlanmasında xüsusi önəm daşıdığı qeyd olunub. Növbəti illərdə “CanSat Azərbaycan” müsabiqəsinin davamlı olacağı və regional yarışa çevriləcəyi də tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

 

Tədbir Milli Aviasiya Akademiyasının təqdim etdiyi bədii proqramla başa çatıb.

 

Qeyd edək ki, “CanSat Azərbaycan 2018” müsabiqəsinin əsas məqsədi tələbə peyki layihələrinə marağın artırılması, ölkənin beynəlxalq müsabiqələrdə daha çox və təcrübəli komandalarla təmsil olunması, bununla milli peyk sənayesinin stimullaşdırılması, gələcəkdə nano və digər real peyklərin məhz yerli mütəxəssislər tərəfindən hazırlanması üçün bacarıq və vərdişlərin əldə edilməsinə nail olmaqdır.