Türkan Qurbanova: “Azərbaycanda parazitologiya sahəsində ilk dəfə olaraq birhüceyrəli parazitləri müasir molekulyar metodların tətbiqi ilə tədqiq etmişəm”


“Elm adamı” rubrikasında bu dəfə Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun protozoologiya laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Türkan Qurbanovadır.

 

Qısa tanıtım: 

 

O, 1985-ci ildə Bakı şəhərində doğulub. 2003-2007-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin biologiya fakültəsinin bakalavriat, 2007-2009-cu illərdə isə “Onurğalılar zoologiyası” ixtisası üzrə magistratura səviyyəsində təhsil alıb.

 

“Elmə olan marağım ailədən gəlir. Atam Firudin Qurbanov filologiya üzrə fəlsəfə doktorudur, füzulişünasdır. Bu ailədə doğulduğum üçün çox xoşbəxtəm, hesab edirəm ki, insanın əldə etdiyi hər bir uğurun görünməyən tərəfi onu dəstəkləyən və ruhlandıran ailəsinin olmasıdır”-deyir Türkan Qurbanova.

 

Türkan xanım, institutdakı fəaliyyətinizdən danışın...

- Ali təhsilimi tamamladıqdan sonra mərhum akademik Musa Musayevin dəvəti ilə onun başçılıq etdiyi laboratoriyada birhüceyrəli parazitlərin tədqiqi ilə məşğul olmağa başladım. Hazırda Protozoologiya laboratoriyasında böyük elmi işçi vəzifəsində çalışıram. Bu gün əsası M.Ə.Musayev tərəfindən qoyulan, müxbir üzv İ.X.Ələkbərov, H.D.Qaibova kimi görkəmli alimlər tərəfindən davam etdirilən protistologiya (ibtidailərin və ya birhüceyrəlilərin tədqiqatına həsr olunmuş biologiya bölməsi) məktəbinin bir üzvü olmaqdan qürür hissi duyuram. 

 

- Fəlsəfə doktoru dissertasiyanızın mövzusu nədir?

- 2016-cı ildə “Urbanlaşmış ekosistemlərdə insanın opportunistik  xəstəliklərinin törədiciləri olan koksdilərin (Apicomplexa, Coccidia) yayılmasında gəmiricilərin rolu” mövzusunda dissertasiya işini uğurla müdafiə etmişəm. Azərbaycanda parazitologiya sahəsindəilk dəfə olaraq birhüceyrəli parazitləri müasir molekulyar metodların tətbiqi ilə tədqiq etmişəm.

 

- Bununla nə əldə etmisiniz, yəni, bu araşdırmanın nəticəsini hansı sahələrdə görə bilirik? Elmi-tədqiqatınız harada tətbiq olunur?

- Bildiyimiz kimi, ibtidailər adi gözlə görünməyən və yalnız mikroskopun müəyyən böyütməsi ilə tədqiq edilə bilən orqanizimlərdir. Lakin bütün həyati funksiyaları bir hüceyrədə yerinə yetirə bilən bu orqanizmlər təhlükəli xəstəliklərin törədiciləridir. Belə ki, onlardan bəziləri zoonoz təbiətə malikdir, yəni müxtəlif növ heyvanları yoluxdurmaq ilə yanaşı, həmçinin insanların həyatı üçün də təhlükə törədə bilir. Bu orqanizmlərin molekulyar metodların tədbiqi ilə öyrənilməsi onlara qarşı mübarizə tədbirlərinin hazırlanmasını asanlaşdırır.

 

- Türkan xanım, bir sıra beynəlxalq elmi layihələrdə iştirak etmisiniz. Maraqlıdır ki, bizim mütəxəssislər bu təcrübələri qazanırlar, amma sonra elm sahəsində biz onların geniş tətbiqini görmürük, bəlkə də sadəcə məlumatımız yoxdur. Mənə nəticə maraqlıdır, elmimiz sizin kimi mütəxəssislərin biliyindən nə qazanır?

- Bəli, dediyiniz kimi, indiyədək bir çox elmi tədbirlərdə, beynəlxalq konfranslarda xarici mütəxəssislərlə fikir mübadiləsi aparmışıq, bir çox layihələr icra etmişik. Məsələn, 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə “Birhüceyrəli ibtidai parazitlər olan koksidilərin növ tərkibinin müasir molekulyar metodlarla (DNT amplifikasiyası, PZR, DNT sekvinasiyası) təyin edilməsinin öyrənilməsi” adlı layihə ilə mobillik qrantının qalibi olmuşam. Bu layihə çərcivəsində Çexiya Elmlər Akademiyasının Parazitologiya İnstitutunun parazitlərin təkamülü və molekulayar filogeneyası laboratoriyasında təcrübə keçmişəm.

 

2017-2019-cu illərdə Ukrayna Elm və Texnologiya Mərkəzinin (STCU) maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kriptosporidlərin, iersiniozların və F.Tularensis təbii ocaqlarının öyrənilməsi” (P663) adlı layihənin icraçısı olmuşam. Bu layihə çərçivəsində 2017-ci ildə Fransada layihə üzrə görülən işlərin hesabatını uğurla təqdim etmişəm.

 

2020-2021-ci illərdə Visegrad fondunun elan etdiyi qrant proqramları üzrə “Urbanlaşmış ekosistemlərdə Qafqaz aqaması (Paralaudakia caucasia) və Aralıq Dənizi tısbağasının (Testudo graeca) qan parazitləri: morfologiya, filogeneya və populyasiya strukturu” adlı layihənin qalibi olmuşam. Bu layihə çərçivəsində Çexiya Respublikası Şimali Bohemiya Universiteti, elm fakultəsi, parazitologiya laboratoriyasında Azərbaycanda ilk dəfə olaraq reptililərin qan parazitlərini molekulyar metodların tətbiqi ilə tədqiq etmişəm.

 

Bütün bu layihələrin icrası zamanı bəzi bağırsaq və qan parazitləri növ səviyyəsinə qədər təyin edilmiş, onların təsnifatda yeri dəqiqləşdirilmişdir.

 

- Hazırda doktorluq dissertasiyası üzərində çalışırsınız. Nəyi araşdırırsınız?

- “Böyük Qafqaz təbiivilayətinin şərq hissəsinin reptililərinin dominant növlərinin koksidilərinin (Apicomlexa, Coccidia) filogenetik əlaqələri” mövzusu üzrə doktorluq dissertasiyası üzərində çalışıram.

 

- Türkan xanım, elm sahəsi çətin və zəhmət tələb edən sahədir. Sizə işlərinizdə bol uğurlar arzulayırıq!

- Elədir, bəli. Mənim üçün ən qürurverici məqam vətənini xarici ölkələrdə təmsil etməkdir. Elmi tədqiqatın nəticələrinin məruzəsindən sonra müxtəlif ölkə alimlərinin Azərbaycana olan marağını duymaq tam fərqli və müqayisəedilməz bir hissdir.

 

Bu yazını oxuyan şagirdlərə, peşə seçimində tərəddüd edənlərə, elmə marağı olan və bu sahə üzrə addımlamaq istəyən hər bir kəsə bildirmək istəyərdim ki, daim arzularının arxasınca getsinlər, bu yolda qarşılarına çıxan maneələrdən qorxmasınlar, hər bir çətinlik insanı daha da gücləndirir, əzmini artırır.

 

Gülnarə İLHAM