Artıq bir çox astronom kainatın başqa yerində həyatın ola biləcəyi fikrindədir. Onları maraqlandıran sual insanların yadplanetlilərə və ya ucsuz-bucaqsız kosmik fəzada hər hansı həyat əlamətinə nə vaxt rast gəlinəcəyi barədədir.
Yupiterlə bağlı missiyaya rəhbərlik edən alimlər bildirirlər ki, həmin planetin buzlu peyklərindən birində həyat olmasaydı, bu, “təəccüblü” olardı. NASA-nın “James Webb” kosmik teleskopu (JWST) bu yaxınlarda Günəş sistemimizdən kənarda olan planetdə həyatın olması ilə bağlı cazibədar əlamətlər aşkar edib və ən müasir teleskop indi daha çox planetdə tədqiqatlar aparır. Artıq başlamaq üzrə olan çoxsaylı kosmik missiyalar bütün zamanların ən böyük elmi kəşfi üçün səyləri artıracaq. Şotlandiya Royal İnstitutunun astronomu Ketrin Heymans deyir: “Biz nəhayətsiz ulduzlar və planetlərlə dolu sonsuz bir kainatda yaşayırıq. İndi bir çoxumuza aydın oldu ki, sonu görünməyən bu fəzada yeganə həyat Yer kürəsində ola bilməz. Bizim bu suallara cavab vermək üçün texnologiyamız və imkanımız var”.
Bəzi elm adamları bunu elmi fantastika sahəsi və uzun bir “hekayə” hesab edirlər, lakin yad aləmlərdən gələn radio siqnallarının axtarışı onilliklər ərzində Yerdən kənar kəşfiyyat (“Seti”) institutu tərəfindən davam etdirilir. Əlbəttə, bütün kosmik məkan müşahidə üçün çox böyükdür, ona görə də buz şəklində su əlaməti olan göy cisimlərinin tapılması bu günə qədər təsadüfi olub. Lakin JWST kimi teleskopların yadplanetli sivilizasiyaların mövcud ola biləcəyi ən çox ehtimal olunan yerləri müəyyən etmək qabiliyyəti onların “Seti”nin axtarışlarına fokuslana biləcəyi deməkdir. Kainatdakı həyatın öyrənilməsi üzrə bu institutun Karl Saqan Mərkəzinin direktoru Natali Kabrol bildirib ki, kosmik fəzada həyat əlamətlərinin aşkar olunması yaxın gələcəyin məsələsidir. Onun sözlərinə görə, bu institut teleskop massivini modernləşdirib və indi uzaq planetlərdən gələn güclü lazer impulslarından uzaq planetlərlə rabitə yaratmaq üçün ən müasir alətlərdən istifadə edir. Yüksək ixtisaslı astrobioloq olan Kabrol bəzi alimlərin “Seti”nin siqnal axtarışına niyə şübhə ilə yanaşdığını başa düşür. O iddia edir ki, uzaq atmosferlərdən kimyəvi əlamətlər, Aya uçuşlar zamanı edilən maraqlı kəşflər və hətta Marsdakı mikrofosillər yeni tədqiqatlara səbəb olub. “Bir siqnal axtarmaq “həyat əlamətlərini tapmaq üçün bütün müxtəlif yanaşmalar arasında ən uzunmüddətli kimi görünə bilər. Lakin bu, hər an baş verə bilər. Təsəvvür edin ki, yad planetdən bizim həqiqətən də başa düşə biləcəyimiz bir siqnal daxil olur. Otuz il əvvəl planetlərin başqa ulduzların ətrafında fırlanmasına dair heç bir sübutumuz yox idi. İndi astronomların və astrobioloqların görünməmiş təfərrüatlarla öyrənə biləcəyi 5 mindən çox kəşf edilib”, - deyə alim əlavə edib.
Astronomlar hesab edirlər ki, uzaq planetlərdə həyat əlamətləri tapılsa, bu, elmdə böyük bir inqilab olacaq və eyni zamanda, bəşəriyyətin özünə və kainatdakı yerinə baxış tərzində əsaslı dəyişiklik yaradacaq.
Azərtac