Olli Pekka Heinonen: “Gələcək nəsillər üçün vacib bacarıqlardan biri tənqidi düşünmədir”


“Yeni çağırışlar” onlayn müzakirə proqramının budəfəki qonağı Beynəlxalq Bakalavriat Təşkilatının baş direktoru Olli Pekka Heinonen olub. Belə ki, Elm və Təhsil Nazirliyinin dəstəyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar” proqramının 20 sentyabr 2023-cü il tarixində yayımlanan bölümündə cənab Heinonen ilə təhsildə liderlik barəsində danışılıb.

 

“T-Network”ün rəhbəri, təhsilin idarə olunması üzrə mütəxəssis Cəfər Mənsiminin təqdimatında davam edən proqram Elm və Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən Mətin Axundlunun tərcüməsi ilə Azərbaycan dilində canlı yayımlanıb.

 

29 yaşında təhsil naziri

 

Görüşün aparıcısı C.Mənsiminin qonağa ünvanladığı ilk sual “Araşdırdığıma görə, sizin atanız müəllim olub və siz bir müddət ibtidai məktəbə aid bir binada yaşamısınız. Atanızın müəllimlik fəaliyyəti və bir məktəb binasında yaşamağınız təhsillə bağlı düşüncələrinizə necə təsir edib?” olub. Olli Pekka Heinonen qeyd edib ki, bu məqam onun karyerasına, işinə çox böyük təsir edib, atası kimi məlumatcanlı olub, dünyanı kəşf etməyə, araşdırmağa, yeni bilik əldə etməyə, insanla bəşəriyyətin inkişafı ilə bağlı müxtəlif suallara maraq göstərib. Finlandiyanın gələcək naziri  6 il məktəb binasında yaşayıb və altı yaşına qədər ona məktəbin siniflər olan hissəsinə getməyə icazə verilməyib. Qadağa olduğuna görə onun üçün sinif otaqları, məktəb bir sehr, sirr, möcüzə aləmi olub. Binasında yaşamağına baxmayaraq, məktəbin onun üçün əlçatmaz olması onda hədsiz maraq oyadıb.

 

1994-cü ildə 29 yaşında Finlandiyanın təhsil naziri təyin olunan O.P.Heinonen işlədiyi müddətdə müəllimlərin avtonomiyasına, qərar qəbul etmək müstəqilliyinə nail olduqlarını qeyd edib. Onun sözlərinə görə, 1972-ci ildən başlayaraq onun nazir kimi fəaliyyət göstərdiyi dövrədək Finlandiyada kifayət qədər magistr səviyyəsinə yiyələnmiş müəllim ordusu olub. Bu baxımdan müəllimlərin müstəqil şəkildə fəaliyyət göstərməsi, qərar qəbul etmədə onların iştirakı, muxtariyyatı məsələsi çox böyük səy tələb etməyib. Heinonenin nazir işlədiyi illər Finlandiyanın Avropa İttifaqına qoşulması dövrünə təsadüf edib. Həmin dövrdə bir sıra Avropa ölkələrində alternativ özəl təhsil sisteminə keçid edilib, dövlət məktəbləri ilə yanaşı özəl məktəblərin fəaliyyətinə imkan verilib. Finlandiyada isə dövlət və özəl məktəb sisteminə keçid edilməyib, dövlət məktəbləri daxilində imkan və seçimlər yaradılıb ki, valideynlər müxtəlif alternativlərdən istifadə edə bilsin. O.P.Heinonen deyib: “Bu mənada Finlandiya bir az mühafizəkardır və digər ölkələrdən fərqlənir. Bizdə daha çox dövlət məktəbləri təşəkkül tapıb. Bəzi özəl məktəblər var, lakin özəl məktəblərdə təhsil alan şagirdlərin təhsil xərclərini valideynləri deyil, dövlət qarşılayır. Dövlət, özəl məktəblərdən asılı olmayaraq şagirdlərin xərcləri dövlət tərəfindən qarşılanır”.

 

Təhsildə təbliğ etdiyi əsas ideya barəsində danışan qonaq başlıca təməl məqsəd kimi məhz hər bir uşağa bəşəriyyətin bir üzvü olmaqda kömək etməyi, insanların inkişafını, bəşəri inkişafı təhsildə başlıca təməl məqsəd və nəticə kimi görməyi tövsiyə edib. Müxtəlif fənlərin əhəmiyyəti, zəruriliyi ilə yanaşı ədəbiyyatın, riyaziyyatın bəşəriyyətin inkişafı, ümumiyyətlə, hər bir şəxsin tam mənada formalaşması üçün cəmiyyətin ixtiyarında olan alətlər olduğunu qeyd edib.

 

IB fəlsəfəsi

 

Baş direktor bildirib ki, Beynəlxalq Bakalavriat Təşkilatı (IB) öz inkişaf proqramlarını məhz məktəblərlə birlikdə həyata keçirməyi düşünür və buna əməl edir. Qonağın sözlərinə görə, məktəblərin muxtariyyəti, müstəqilliyi, sərbəstliyi, azadlığı olmalıdır. Ancaq bu sərbəstlik vaxt və bacarıq tələb edir və burada məktəb icması funksional cəhətdən muxtariyyatı üzərinə götürüb IB ilə həmin proqramları həyata keçirməlidir. “Bu məqsədlə biz “Educator Network” dediyimiz bir şəbəkə yaratmışıq. Bu şəbəkənin məqsədi məhz Beynəlxalq Bakalavriat (IB) olaraq müəllimlərə kömək etməkdir. Burada söhbət məktəbdə olan həmkarlar, məsləkdaşlar arasında təcrübə mübadiləsidir. Biz müəllimlərimizə daha təcrübəli, daha biliyi zəngin olan müəllim həmkarlarını təhkim edirik ki, onlarla birlikdə lazımi bacarıqlara, müxtəlif işləmə prinsiplərinə yiyələnsinlər. Bu məqsədlə vebinarlar, konfranslar təşkil edirik”, - Heinonen söyləyib.  

 

Sabiq nazir vurğulayıb ki, IB-in yanaşması məhz tələb əsasında öyrənmədir və ətrafda, dünyada baş verənlərə maraq göstərmək prinsipləri çox vacibdir. Düzgün suallar verib məsələnin mahiyyətini, konsepsiyasını anlamaq önəmlidir. Müasir dünyada tələbə və şagirdlərin dəyişiklik yaradan katalizator rolu oynamasını və bu prosesdə onları dəstəkləmək çox vacibdir. Öyrənənlər nə etdiklərini, nə üçün öyrəndiklərini şüurlu formada dərk etməlidirlər.

 

IB-də bir ənənə halını alan “Ümid festivalı” barədə bəhs edən qonaq festival vasitəsilə tələbə və şagirdlər üçün güvənilən bir məkan yaratdıqlarını, bu güvənilən və təhlükəsiz məkanda gənclərin fikirlərini dinlədiklərini bildirib. Festivalda öyrənənlər “Həyatda onlar üçün anlamlı olan nədir? Onları narahat edən qlobal məsələlər nədir?” mövzularında düşüncələrini, ümidlərini, qorxularını, gileylərini, qayğılarını paylaşırlar və onlara bunu ən yaxşı tərzdə ifadə etmək üçün şərait yaradılır. Festivala məşhur şəxslər, alimlər, incəsənət xadimləri, fəallar dəvət edilir, şagird və tələbələrə özünü ifadə etmək üçün ən yaxşı vasitələr araşdırılır.

 

“IB-də milli kimlik məsələsinə necə yanaşılır?” sualını cavablandıran Heinonen diqqətə çatdırıb ki, IB proqramları daha çox tədrisə və öyrənməyə söykənən çərçivəni təmin edir, tədris və təhsil, öyrənmə və inkişaf baxımından tələb olunanları çatdırır, milli mədəniyyət, dil, milli kimlik kimi bütün elementlər təmin olunur. “Biz qəti olaraq düşünürük ki, şagirdlər birinci olaraq ana dilini bilməlidir və milli mədəniyyət öz dilini bilmək savadı baxımından təmin olunmalı və buradan yola çıxılmalıdır. Fərəhlə deyə bilərəm ki, IB proqramında 159 milli kimliyimiz var və biz bu milli müxtəliflikdən fəxr duyuruq”, - baş direktor bildirib. 

 

Nümunəvi Finlandiya təhsili

 

Görüş əsnasında Olli Pekka Heinonen ilə təhsilalanların ruhi sağlamlığı, dəstəkləyici məktəb mühiti və ətraf mühit, öyrənmə prosesinin effektivliliyinin artırılması, sabit düşüncə tərzindən inkişaf edən düşüncə tərzinə keçid mövzularında ətraflı fikir mübadiləsi aparılıb.

    

“Niyə Finlandiya təhsili digər ölkələrə nümunə göstərilir?” sualını cavablandıran baş direktor Finlandiyada bütün müəllimlərin magistr səviyyəsində kvalifikasiyalarının, lazımi bilik və səriştələrinin olduğunu, sinifdə tədris və təhsil prosesini idarə etməkdə tam səlahiyyətli və bacarıqlı olduqlarını, bərabərlik və ədalət prinsiplərinin əsas məsələ olmasını qeyd edib. “Finlandiya təhsil sistemində bərabər imkanlar və ədalətli yanaşma, hər kəsə ehtiyaclarına görə imkanların yaradılması təmin olunur. Eyni zamanda uşaqların hamısı üçün ən yaxşı təhsil imkanları yaradılır. Heç bir uşaq kənarda qalmamalıdır. Finlandiyada sizin harada yaşamağınızdan asılı olmayaraq yaxınlıqda yerləşən məktəb ən yaxşı məktəb hesab olunur. Biz elə edirik ki, siz artıq hansı məktəbə getmək sualı ətrafında qayğılanmayasınız. Sizin yaşadığınız kənddə, məntəqədə, qəsəbədə olan məktəbin ən yaxşı olması üçün çalışırıq. Bu mənada biz müsbət ayrıseçkilik, pozitiv diskriminasiya deyilən üsuldan istifadə edirik. Yəni ən yoxsul, mühacirlərin, miqrantların yaşadığı bölgələrdə yerləşən məktəblərə daha çox vəsait ayırırıq ki, heç kim kənarda qalmasın və bərabərlik, ədalət prinsipləri təmin olunsun. Bunlar Finlandiyanı təhsildə fərqləndirən amillər və göstəricilərdir”, - qonaq diqqətə çatdırıb. 

 

Kurikulumun dekolonizasiyası məsələsini açıqlayan O.P.Heinonen deyib: “Tarix çox zaman müharibələrdə qalib gəlmiş, zəfər çalmış tərəflərin yazdıqları olur. Halbuki həqiqi tarix sübut və faktlar üzərində qurulmalıdır və heç də həmişə hökmranlıq edənlərin yazdığı tarix gerçək tarix olmur. Bunun üçün də biz çalışırıq şagirdlərə həqiqi, sübut və faktlar əsasında formalaşmış, güvənilə bilən etibarlı mənbələrdən formalaşmış məlumatları çatdıraq. Biz bunu digər fənlərdə də etməyə çalışırıq”.

 

CAS ideyası

 

Pedaqoji tədqiqat mədəniyyəti mövzusuna toxunan sabiq təhsil naziri bildirib ki, müəllimlərin tədqiqatçı olması tədris və təhsil prosesində dəstəklənməlidir, pedaqoji praktika ən qabaqcıl elmi nailiyyətlər, araşdırmaların nəticələri əsasında həyata keçirilməlidir, təhsil nazirlikləri və məktəblər arasında qarşılıqlı əlaqə, ünsiyyət prosesi olmalıdır. Cənab Heinonenin fikrincə, elmi nəticələr yeni olmalı, isti-isti tətbiq edilməlidir ki, aktuallığını itirməsin. Finlandiyada müəllimlər nailiyyətlərini sürətli və ən yaxşı şəkildə tətbiq edirlər, bu da onlara böyük üstünlük qazandırır. 

 

Baş direktor bildirib ki, “creativity, aktivity və surface” (yaradıcılıq, fəaliyyət və səth) sözlərini əks etdirən CAS ideyası hər bir şagird və tələbənin yaşadığı, fəaliyyət göstərdiyi cəmiyyətdə nə edə biləcəyindən ibarətdir. O.P.Heinonen şagird və tələbələrə tövsiyə edib ki, yaşadıqları, fəaliyyət göstərdikləri ərazilərdə, cəmiyyətdə problemlərin həllinə öz töhfələrini versinlər. O qeyd edib: “Mən qətiyyətlə inanıram ki, ətrafımıza, bəşəriyyətə verə biləcəklərimiz bizi formalaşdırır. Biz nə qədər ətrafımıza fayda verə biliriksə mühit  də əsaslı şəkildə dəyişir”.

 

Süni zəka dünyasında gələcəyin təhsilinin necə dizayn edilməsi məsələsinə toxunan qonaq nə qədər texnologiyalardan istifadə edilsə də, yenə aparıcı qüvvənin insan və bəşəriyyət olduğunu vurğulayıb. Heinonen dəyişkən şəraitdə müxtəlif çağırışların fonunda çevik olmaq, müqavimət göstərmək bacarıqlarının olduqca önəmli, sürətlə dəyişən şəraitdə təhsil sistemində məhz bu bacarıqların önə çəkilməli olduğunu dilə gətirib.

O qeyd edib: “Süni zəka inkişaf etdikcə onun gətirdiyi üstünlüklərdən heç də həmişə xeyir məqsədlər üçün deyil, həmçinin pis məqsədlər üçün də istifadə etmək cəhdləri ola bilər. Odur ki, gələcək nəsillər üçün çox vacib bacarıqlardan biri məhz tənqidi düşünmədir. Biz saxtanı doğrudan ayırmağı, faktları yoxlamağı, deyilən xəbərlərə, informasiyalara şübhə ilə yanaşmağı, sübut əsasında qərar verməyi, mənbələrin təsnifatını aparmağı bacarmalıyıq, media cəhətdən də savadlı olmalıyıq. Yəni fəndən asılı olmayaraq kritik düşüncə həmişə olmalıdır. Gələcəyin riskini mən belə görürəm. Əgər tənqidi düşüncə, kritik davranışla işlərimizi nəzarətdə saxlamasaq, çox ehtimal edirəm ki, cəmiyyətdə etimadı və inamı itirmiş olarıq”.

 

 8 guşəli yeni çağırışlar

 

Proqramın ənənəvi “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, daha təhsilli gələcək üçün onun guşələri hansı çağırışlardan ibarət olar?” sualının cavabında baş direktor avstraliyalı tədqiqatçı Cef Mastersin əsərində əks olunmuş çağırışları səsləndirib:

 

  • “1. Öyrənmədə güclü liderliyin olması;
  • 2. Şagird və tələbələrə hərtərəfli, rəqabətəsaslı dəstəyin təmin olunması;
  • 3. Yüksək səviyyəli tədris prosesinin olması;
  • 4. İnformasiya əsaslı qiymətləndirmə prosesi;
  • 5. Keyfiyyətli kurikulum;
  • 6. Stimullaşdırıcı və dəstəkləyici ekosistemin formalaşması. Bütün bu sadaladıqlarım 7-ci və 8-ci guşələrə xidmət etməlidir.
  • 7. Şagird və tələbələri gələcəyə, iş fəaliyyətinə hazırlamaq;
  • 8. Hər bir şagird və tələbənin inkişafı üçün lazımi şəraitin yaradılması”.

 

Görüşün sonunda Beynəlxalq Bakalavriat Təşkilatının baş direktoru Olli Pekka Heinonen qlobal uğur qazanmaq istəyənlərin diqqətinə “Hər zaman fikirlərə, hətta öz fikirlərinizə də şübhə ilə yanaşmalısınız. Düşüncələrinizi yoxlamalısınız, imtahana çəkməlisiniz və çox inamlı şəkildə yolunuza davam etməlisiniz” cümlələrini çatdırıb.

 

Lamiyə ƏLİMƏRDANOVA