Şahmatçılarımız Avropa çempionatından 4 qızıl, 2 gümüş və 1 bürünc medalla Vətənə dönüblər


“Ən böyük arzum güclü şahmatçı kimi şahmat tarixinə düşməkdir”. Avropa şempionatının qızıl medalını qazanan Məhəmməd Kazımzadə kimi yeniyetmə idmançılarımız bu mötəbər turnirə qələbə əzmi ilə yollanmışdılar.

 

Xəbər verildiyi kimi, 5-14 sentyabr tarixlərində Rumıniyanın Mamaya şəhərində şahmat üzrə yeniyetmə oğlan və qızlar arasında Avropa çempionatı keçirilib. 47 ölkə, 928 şahmatçının iştirak etdiyi turnirdə 8, 10, 12, 14, 16 və 18 yaş kateqoriyalarında Azərbaycanı 44 şahmatçı təmsil edib. Onlardan 39 nəfəri Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin idmançıları olub.

 

Yarışın nəticəsinə görə, “Təhsil” Respublika İdman Mərkəzi 4 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançıları Məhəmməd Kazımzadə, Əhməd Xaqan, “Təhsil” Respublika İdman Mərkəzi Gəncə şəhəri 2 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Mehriban Əhmədli 7,5 xal, “Təhsil” Respublika İdman Mərkəzi Sumqayıt şəhəri 2 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Rüstəm Rüstəmov isə 8 xal toplayaraq çempionatın qızıl medalını qazanıblar.

 

“Təhsil” Respublika İdman Mərkəzi 4 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Ayan Allahverdiyeva 7 xal toplayaraq gümüş, “Təhsil” Respublika İdman Mərkəzi Gəncə şəhəri 2 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Səadət Bəşirli isə bürünc medal əldə ediblər.

 

Azərbaycan şahmatçıları Avropa çempionatında 4 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 7 medalın sahibi olaraq növbəti uğura imza atıblar.

 

Avropa çempionatından Vətənə  alnıaçıq dönən şahmatçılarımızı daha yaxından tanımaq üçün onlarla görüşüb, uğur hekayələrini dinlədik.

 

“Ən böyük arzum şahmat tarixinə düşməkdir”

 

“Təhsil” Respublika İdman Mərkəzi 4 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin yetirməsi Məhəmməd Kazımzadə uğurlu yeniyetmələrimizdəndir. Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin 3 “L” sinif şagirdidir. Mehriban, sakit təbiətli, çalışqandır, riyaziyyata marağı böyükdür.  5 yaşından şahmatla məşğuldur. 8 yaşı var və şahmat üzrə çox böyük nailiyyətlər əldə edib: “2022-ci il  dekabrın 21 də “Təhsil” Respublika İdman Mərkəzinin şahmat idman növü üzrə keçirilmiş Respublika birinciliyində 8 yaş oğlanlar arasında I yeri  tutdum. Respublika birincisi olaraq Yunanıstanın Rodos adasında keçirilən “Məktəblilərin Dünya Şahmat Çempionatına” iştirak hüququ əldə etdim.  Çempionatda 9 oyundan 7 xal toplayaraq yarış cədvəli üzrə yalnız əmsal fərqinə görə II - V yerləri bölüşdüm. 2023-cü ildə Qax rayonunda keçirilmiş 16 yaşadək yeniyetmələr arasında Respublika Şahmat Olimpiadasında II yerə layiq görüldüm. Bu il Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Baku Open-2023” Beynəlxalq Şahmat Festivalında da I yeri tutaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxdım. Beləliklə, Rumıniyanın Mamaya şəhərində keçirilən yeniyetmələrin Avropa çempionatına vəsiqə qazandım. Çempionatda bütün rəqiblərimi qabaqlayaraq öz yaş kateqoriyamda qızıl medala layiq görüldüm. Həmçinin kubok və diplomla təltif edildim. Ən böyük arzum güclü şahmatçı kimi  şahmat tarixinə düşməkdir”.

 

“Ən gənc idman ustalarından biriyəm”

 

Həmin məktəbin yetirməsi  Xəqan Əhmədov da əldə etdiyi qələbənin sevincini bizimlə bölüşür. Arzusu şahmat tacını ölkəmizə gətirməkdir:  “11 yaşım var.  2011-ci ildə Bakıda anadan olmuşam. 6 nömrəli tam orta məktəbin VI sinif şagirdiyəm. Şahmatı mənə sevdirən ilk vaxtlarda atam oldu. Ümumiyyətlə, əldə etdiyim uğurlarımda valideynlərimin zəhməti böyükdür. Onlar hər zaman mənə dəstək olublar. Həmçinin müəllimlərimin də zəhməti çoxdur mənim üzərimdə. Fürsətdən istifadə edib onlara təşəkkürümü bildirirəm. Düşünürəm ki, istənilən sahə ilə məşğul olsanda mütləq hədəf aldığın yerə çatmaq üçün mübarizə aparmalısan. Uşaq yaşlarından şahmata marağım olub.  2019-cu ildə  şahmat üzrə Azərbaycan çempionatında II yeri tutdum.   2022-ci ildə də Avropa çempionatında iştirak etdim və II yerə çıxdım.  Həmin ildə kişilər arasında Azərbaycan çempionatında birinci dəstədə iştirak elədim və qalib oldum. Bu ilin mart ayında kişilər arasında  Avropa  çempionatında uğurlu çıxış edərək idman ustası normasını yerinə yetirdim. Azərbaycanın ən gənc idman ustalarından biriyəm. Nəhayət, Rumıniyada keçirilən Avropa çempionatında 9 oyundan altısını qələbə, üçünü isə heç-heçə etməklə 7, 5 xalla I yerə sahib olaraq Dövlət Himnimizi səsləndirdim.  Hədəflərim sırasında gələn ay Misirdə keçiriləcək dünya çempionatında qalib olmaqdır.  Ən böyük arzum bu idman növü üzrə tanınmış və təcrübəli idmançı olmaq, dünya şahmat tacını ölkəmizə gətirməkdir”.

 

“Avropa çempionatında qızıl medal qazandım”

 

 

“Təhsil” Respublika İdman Mərkəzi Sumqayıt Şəhər 2 nömrəli uşaq-gənclər idman şahmat məktəbinin yetirməsi Rüstəm Rüstəmov da Avropa çempionatında  uğurlu çıxışı ilə fərqlənib.  Özünü heç vaxt şahmatsız təsəvvür edə bilməyəcəyini deyir: “2009-cu ildə Sumqayıt şəhərində anadan olmuşam. 2018-ci ildə səkkiz yaşımda şahmatla məşğul olmağa başladım.  2019-cu ildə “Baku-Open”  beynəlxalq turnirində 12 yaşlılar arasında II yerə sahib oldum. Bundan başqa, 2022-ci ildə “Təhsil”  Respublika İdman Mərkəzinin keçirdiyi respublika çempionatında I yerə  çıxdım.  2023-cü ildə Şahmat Federasiyasının keçirdiyi ölkə çempionatında II yerə sahib olaraq Rumıniyanın Mamaya şəhərində şahmat üzrə yeniyetmə oğlan və qızlar arasında Avropa çempionatına vəsiqə qazandım. Avropa çempionatında səkkiz xalla 14 yaşlılar arasında qızıl medala sahib çıxdım.  Ən böyük  arzum məşhur şahmatçı olmaqdır. 

 

 

Şahmatçılarımızın şərəfinə Avropa çempionatında Azərbaycan himni 4 dəfə səsləndirilib. Gənc şahmatçılarmızı bu möhtəşəm uğurları münasibətilə təbrik edir və onlara  yeni-yeni nailiyyətlər arzu edirik!

 

Rəşad ZİYADOV