Naxçıvan Dövlət Universitetində Azərbaycanın xalq şairi Məmməd Arazın anadan olmasının 85 illiyinə həsr olunmuş “Sözün Məmməd Araz zirvəsi” adlı konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA–nın müxbir üzvü Saleh Məhərrəmov çıxışında vurğulayıb ki, ədəbiyyatımızın inkişafı yolunda əvəzsiz xidmətlərinə görə “Əməkdar incəsənət xadimi”, “Xalq şairi” kimi fəxri adlara layiq görülən şair eyni zamanda dövlətimizin ali mükafatı olan “İstiqlal” ordeni ilə də təltif olunub. 2013-cu ildə Ali Məclisin sədrinin sərəncamına əsasən şairin doğulub boya-başa çatdığı Şahbuz rayonunun Nursu kəndində Xalq şairi Məmməd Arazın ev-muzeyi yaradılıb.
Filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərov “Məmməd Araz yaradıcılığında yeni poetik duyum və deyimlər” mövzusunda çıxış edərək ölməz şair Məmməd Arazın bütün yaradıcılığının ədəbiyyat tariximizə verdiyi töhfələrin Azərbaycançılıq ideologiyasından qaynaqlandığını vurğulayıb.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Sədaqət Nemətova çıxışında “Məmməd Araz yaradıcılığında Vətən” mövzusuna toxunaraq şairin yaradıcılığı boyu, çoxlarından fərqli olaraq, cərəyan edən tarixi hadisələri, bir növ, xüsusi xronoloji ardıcıllıqla zamanında poetik dillə xalqa çatdırdığını qeyd edib.
Sonda Tarix-filologiya fakultəsinin tələbələrinin dahi şairin şeirlərindən ibarət bədii qiraəti dinlənilib.