Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"nin fərdi kateqoriya üzrə qalibi olan "Məktəblilərin debat klubu”  layihəsi çərçivəsində Quba rayonunun Ağbil kənd tam orta məktəbində təlim keçirilib.

 

Tədbirdə çıxış edən layihə rəhbəri, Quba rayonu Qəçrəş kənd tam orta məktəbinin müəllimi Aygün Mövlanova layihə barədə məlumat verib. Bildirib ki, məqsəd məktəblilərin natiqlik bacarıqlarının artırılması, fikiryürütmə, təhliletmə, araşdırma, nəticəçıxarma kimi keyfiyyətlərinin yüksəldilməsinə xidmət etmək, onlarda oxumağa, təhsilə, elmə maraq oyatmaq və dünyagörüşlərinin, məntiqi təhliletmə bacarıqlarının inkişafına təkan verməkdir.

 

Daha sonra 15 nəfər yuxarı sinif şagirdinin iştirakı ilə  “Natiqlik bacarıqları”, “Debat, onun qaydaları”, spikerlik, arqument, inkar və təsdiq kimi anlayışlar haqqında  2 günlük təlim keçirilib.

 

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

 

3 ay müddəti əhatə edən və noyabrda yekunlaşacaq layihə Quba rayonunun daha 3 kənd məktəbində icra edilir. Buna qədər Hacıqayıb kənd tam orta məktəbində təlimlər yekunlaşıb. Daha bir məktəbdə - Qəçrəş kənd tam orta məktəbində müvafiq mövzularda təlimlər keçiriləcək. Sonda təlim keçirilən məktəblilərin iştirakı ilə Quba rayonunda məktəblilər arasında ilk mini debat turniri təşkil ediləcəkdir. Ümumilikdə, layihədən kənd məktəblərində təhsil alan 45 nəfər yuxarı sınif şagirdi bəhrələnəcək.