27 Sentyabr-Anım Günü Qarabağın azadlığı yolunda şəhadət zirvəsinə ucalmış igidlərimizə dərin ehtiramın ifadəsidir
Bu gün ölkəmizdə Anım Günüdür. 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi ANMA günü!
2020-ci ilin 27 sentyabrı Böyük Zəfərin təməl tarixidir. Xalqımızın Qarabağı geri qaytarmaq mübarizəsinin daha qətiyyətli və təntənəli başlanğıcıdır...
Əslində Azərbaycan xalqı bu Böyük Zəfərə həmişə hazırlaşıb. Torpaqların işğaldan qurtarılması üçün zaman-zaman ordusunu müasirləşdirərək möhkəmlədib. Münaqişənin sülh variantında həlli üçün bütün gərəkli addımları atıb; Beynəlxalq tribunalarda Azərbaycanın haqq səsini hər zaman güclü saxlayıb. Ermənistan isə ardıcıl olaraq sülh təşəbbüslərini rədd edib. Nəinki BMT qətnamələrinə uyğun olaraq işğal etdiyi torpaqlardan çıxır, əksinə atəşkəsi tez-tez pozur, müharibəni yenidən alovlandırmağa çalışır, bunun üçün diversiya fəaliyyətini genişləndirir, üstəlik yeni ərazi iddialarını ortaya qoyur, bu istiqamətdə konkret addımlar atmağa cəhd göstərirdi. Hər dəfəsində hərbi qulluqçular, mülki şəxslər həlak olur, cəbhə bölgəsində vəziyyət gərgin olaraq qalırdı. Daha pisi ondan ibarət idi ki, beynəlxalq aləm inadla susur, baş verənləri görməzdən gəlir, başqa sözlə, Ermənistanın himayəçisi statusunda çıxış edirdi. Azərbaycanı irimiqyaslı müharibəni başlamağa, torpaqları ordunun gücü ilə geri almağa məcbur edən faktorlar bunlar idi.
Qarabağda erməni hökmranlığının fiziki məhvinin vaxtı çatmışdı. Torpaqlarımızı geri qazanmaq missiyası hamımızın qarşısında müqəddəs bir tapşırıq kimi dayanırdı. Ona görə də xalq dövlətin müharibə qərarına çevik və ürəkli reaksiya verdi; özünü bu yolda fədakar tanıtdı; Ali Baş Komandanın ətrafında dəmir yumruğa döndü. Savaş başlayan andan hiss olunan zəfər şansı, arasıkəsilmədən gələn qələbə xəbərləri xalqa bir şeyi anladırdı: Azərbaycan dövləti uğurlu siyasi, diplomatik gedişləri, ordusunun imkanları, əsgər və zabitinin içindəki sönməyən vətən eşqi ilə Qarabağ məsələsindəki qaranlığı nəhayət, yarır, qeyri-müəyyənliyi axır ki, biryolluq bitirir!
Qarabağın əsl sahibinə qaytarılması gerçəkliyi, bölgəyə ədalətin, huzurun nəhayət ki, gəlməsi gözlərimiz qarşısında baş verirdi.
Dünya təzyiq dilini kəsmək, sərt etiraz üslubunu dəyişmək istəmirdi. Prezident İlham Əliyevin onlara Qafqazın tarixini yaxşı öyrənmək tövsiyəsi, Ermənistanı təslimə hazırlayan qərarları, Qarabağ məsələsində dəyişməyən mövqeyi, beynəlxalq ritorikaya qarşılıq kəskin cavabları xarici çevrələri ciddi narahat edirdi. Halbuki bu prinsipial mübarizə Azərbaycanın haqlı davası idi və heç bir güclü əl bu davanın qarşısına keçilməsi çətin qaya parçaları qoya bilməzdi. 30 iilik işğal faktı, 20 faiz torpağın istila zəncirində qalması gerçəyi, erməninin 200 ildən çox davam edən düşmənçilik siyasəti isbata ehtiyac olmayan faktlar silsiləsi idi. Azərbaycanlıların öz dədə-baba torpaqlarından didərgin salınması, genosidə məruz qalması “Böyük Ermənistan” planlarının tərkib hissəsi idi.
Məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişdilər; münbit əraziləri ələ keçirdilər; azərbaycanlıları öz dədə-baba torpaqlarından zaman-zaman qovdular; İrəvan, Dərələyəz, Zəngəzur, Göyçə, Tiflis, Naxçıvan, Bakı, Gəncə, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Muğan və Göyçayda on minlərlə dinc azərbaycanlı əhalini soyqırımına məruz qoydular; yüzlərlə yaşayış məntəqəsini dağıtdılar, bəzi ərazilərin izini sildilər. Sovet dövründə 150 min azərbaycanlı deportasiya olundu, sovetlər dağılan ərəfədə isə daha 250 min azərbaycanlı öz doğma yurdundan didərgin düşdü, beləliklə, Ermənistan monoetnik dövlətə çevrildi.
Rəsmi İrəvanın “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyası bizdən böyük sayda qurbanlar alırdı. “Ədalətli” dünya gerçəyin yanında durmalı ikən, şərin, böhtanın, işğalın təmsilçilərini seçirdi. Bəlkə də bir az burdan cəsarətlənən ermənilər hərbi təxribatlarını durmadan davam etdirirdi. Bu isə, Qarabağ yarasını daha da dərinləşdirirdi.
Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə biryolluq son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ nəhayət, bərpa etdi!
Sentyabrın 27-dən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu. Hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.
10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi olaraq qalırdı. Azərbaycan bu ilin sentyabrın 19-da bu məsələyə də nöqtə qoydu: Qarabağda lokal xarakterli anti-terror tədbirləri həyata keçirdi. Sentyabrın 20-də müvafiq şərtlər altında anti-terror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrinin, qeyri-qanuni erməni silahlı dəstələrin silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması, tam şəkildə tərksilah olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi Azərbaycanın növbəti Qələbəsinin təntənəsi oldu.
Vətənsevər Azərbaycan gəncliyi mərmilərin, topların atəşi, odu-alovu altında tarixə möhtəşəm qələbələr yazdı. ŞƏHİD oldu, QAZİ oldu, sonunda VƏTƏNini qurtardı!!!
27 Sentyabr-Anım Günü sözsüz ki, çağdaş və gələcək nəsilləri vətənpərvər ruhda tərbiyələndirəcək, xalqımızın birliyinin, milli ruhunun daim möhkəm qalmasına xidmət edəcək!
Vəfa ALLAHVERDİYEVA