Litva Milli Kitabxanasının baş direktoru professor Renaldas Gudauskas Bakı Dövlət Universitetinin (BDU) informasiya və sənəd menecmenti fakültəsinin professor-müəllim heyəti, gənc tədqiqatçıları və tələbələri üçün “Cəmiyyətin informasiya təminatında milli kitabxanaların rolu” mövzusunda ustad dərsi keçib.

 

Natiq mühazirəsində rəhbərlik etdiyi Litva Milli Kitabxanasının tarixi, inkişaf dövrləri, müasir dövrdəki fəaliyyəti, sənəd dövriyyəsi, kitab fondu və prioritetləri barədə dinləyicilərə ətraflı məlumat verib.

 

Cəmiyyətin informasiya təminatında milli kitabxanaların rolunu şərh edən professor Renaldas Gudauskas bildirib ki, kitabxanalar xalqların milli irsinin mühafizəsində aparıcı rol oynamaqla bərabər, ölkələrarası elmi, ədəbi-mədəni, ictimai əlaqələrin formalaşmasına da mühüm töhfələr verirlər. Milli kitabxanaların kitab mübadiləsinin təşkilində aparıcı mövqeyə malik olduğunu vurğulayan natiq beynəlxalq kitab mübadiləsinin şərtlərini, həyata keçirilməsi üsullarını izah edib. Müasir dövrdə cəmiyyətin informasiya təminatının yüksək səviyyədə ödənilməsində elektron resursların əhəmiyyətini diqqətə çatdıran professor milli kitabxanaların informasiya resurslarına qoyulan tələblər, eyni zamanda yeni idearəetmə formaları barədə məlumat verib. Mühazirədə, həmçinin müxtəlif ölkələrin milli kitabxanaları arasında müqayisəli təhlillər aparılıb, təcrübədə təsdiqini tapmış innovativ iş metodları şərh olunub.

 

Professor Renaldas Gudauskasın mühazirəsi auditoriya tərəfindən maraqla dinlənilib, məruzəçi dinləyicilərin çoxsaylı suallarını cavablandırıb. Eyni zamanda Litva Milli Kitabxanası ilə BDU-nun informasiya və sənəd menecmenti fakültəsi arasında əlaqələrin inkişaf etdirilməsi, gələcəkdə birgə elmi konfransların, seminar və ustad dərslərinin keçirilməsi barədə müzakirələr aparılıb.