İki universitet rəsmisinin görüşünda Çexiya dövlətinin təqaüd proqramlarından istifadə məsələsi müzakirə olunub
Azərbaycan Texniki Universitetinin (AzTU) beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov Çexiyanın Liberek Texniki Universitetinin maşınqayırma fakültəsinin beynəlxalq əlaqələr üzrə dekan müavini Karel Frana ilə görüşüb.
Görüşdə AzTU ilə Liberek Texniki Universiteti arasındakı mövcud əlaqələrə diqqət çəkən professor Sübhan Namazov bildirib ki, indiyə kimi tələbə-müəllim mübadiləsi çərçivəsində həyata keçirilən əməkdaşlığı digər sferalara, o, cümlədən beynəlxalq layihələrdə birgə iştirak və ikili diplom müqavilələrinin imzalanması pilləsinə daşımaq mümkündür. AzTU-da bu il yaradılan ingilis və alman dilli qruplar haqqında qonağa ətraflı məlumat verən prorektor qeyd edib ki, gələcəkdə Liberik Texniki Universitetinin tələbələri də bu qruplarda təhsil ala bilərlər.
AzTU ilə əməkdaşlıqdan məmnunluğunu bildirən Karel Frana ölkəsinin universitetləri ilə Azərbaycanın ali məktəblərinin tarixi əlaqələrini yada salaraq bu əməkdaşlığın qarşıda böyük perspektivlər yaradacağına əmin olduğunu deyib. Qonaq AzTU-nun maşınqayırma fakültəsi ilə mövcud əlaqələrə diqqət çəkərək universitetlər arasında yaradılacaq əməkdaşlığın faydalı olacağını qeyd edib.
Görüşdə NƏCƏF, ERASMUS + təhsil layihələrində birgə iştirak, Liberek Texniki Universitetinin vasitəçiliyi ilə Çexiyanın digər universitetləri ilə əməkdaşlıq, həmçinin AzTU tələbələrinin Çexiya dövləti tərəfindən elan edilən təqaüd proqramlarından istifadə məsələləri də müzakirə olunub.