İnternat məzunlarının uğur hekayələri


Ləman Osmanova: “Biologiya fənni ilə tanışlığım və həkimlərlə bağlı izlədiyim filmlərin mənə böyük təsiri oldu”.

 

Ağdaş şəhəri Maqsud Şeyxzadə adına humanitar və təbiət fənləri təmayüllü gimnaziyanın məzunu, hazırda Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinin birinci kurs tələbəsi olan Ləman Osmanova həm də məktəbi yüksək ballı məzun kimi başa vurub. Universitetə 647 balla qəbul olunub.

 

İbtidai sinifdə oxuyanda müəllim olmağı arzulayırmış. Lakin yuxarı siniflərdə biologiya fənni ilə tanış olandan sonra arzusu dəyişir: “Biologiyafənni və bu fənni tədris edən müəllim mənim həkimliyə olan marağımı artırdı.  Bu dövrdə izlədiyim bəzi filmlərin də həkimliyi sevməyimdə böyük təsiri olmuşdu. Beləliklə, mən həkim olmaq qərarına gəldim. Mənim bu uğurda ən böyük dəstəkçim ailəm və məktəbim olub. Bütün abituriyentlərə tövsiyəm odur ki, əvvəlcə öz məqsədinizi, gələcək peşənizi tapın və onu sevin. Bu zaman bu uğura doğru irəliləməyə və uğur qazanmağa nail olacaqsınız”.

 

 

Rəbiyyənur Məmmədova Sumqayıt şəhəri general M.Əsədov adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın məzunudur. O deyir ki, ailəsi, müəllimləri, həmçinin sinif yoldaşları da uşaqlıqdan onun uğurlu olacağına inandıqlarını deyirmişlər. Ətrafının ona qarşı olan bu inamı Rəbiyyənurun məsuliyyətini, dərslərə həvəsini daha da artırıb və onların etimadına layiq olmağa çalışıb. O, hazırda Azərbaycan Fransız Universitetində “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alır. 592 balla qəbul olunub.

 

Rəbiyyənur Məmmədova: “Bu ixtisası laboratoriya işlərinə, həm də kimya sənayesinə olan marağıma görə seçmişəm. Mən uğurlu bir abituriyent olduğum üçün ətrafımda çox insan mənə həkimlik peşəsini layiq görürdü, amma mən özümü kimya mühəndisliyi sahəsində reallaşdıracağıma inandım. Abituriyentlərə tövsiyəm budur ki, əsas öz maraqlarına, öz bacarıqlarına uyğun ixtisas seçsinlər”.

 

 

Çinarə Abdurahmanova Şamaxı şəhər texniki, humanitar və təbiət təmayüllü liseyin məzunudur. 619 balla Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub. Bu uğur Çinarəgilin ailəsində 3-cü dəfədir ki, yaşanır. Özündən böyük bacı və qardaşı da yüksək balla universitetlərə qəbul olunublar. Onların bu uğurunu davam etdirən həmsöhbətimiz deyir ki, uşaqlıqdan əslində bu ixtisası seçəcəyini müəyyənləşdirməyib. Ona görə tam qərar verənə qədər düşünüb ki, nümunəvi şagird kimi bütün dərsləri yaxşı oxumalıdır, öyrənməlidir. Daha sonra tarix fənninə olan marağının daha üstün olduğunu görüb və üçüncü ixtisas qrupu üzrə hazırlaşmağa başlayıb.

 

Çinarə Abdurahmanova: “Mənim üçün bu həyatda ədalət və bərabərlik, ən çox da azadlıq ən uca zirvədə dayanır. Buna görə də mən hüquqşünaslığı özümə yaxın bildim, hazırda da doğru seçim etdiyimi hiss edirəm. Marağım əsasən xarici diplomatiya üzrədir. Yəni xarici siyasətdə də, xarici siyasi platformalarda da dövlətimizi təmsil etməyi arzulayıram”.

 

Çinarə təhsildə uğur qazanmaqla bağlı da tövsiyələrini bildirib: “Gənc dostlarımız çalışsınlar ki, dərsi özlərinə əyləncəli hala gətirsinlər. Dərsdən qorxmasınlar. Təbii ki, öyrənmək, oxumaq bəzən çətindir. Yuxusuz gecələrimiz, yorğunluqdan halsız düşdüyümüz, xəstələndiyimiz vaxtlar ola bilər, amma yenə də öz xəyallarından əl çəkməsinlər. Dərsdən qorxmamaq uğura çatmaq üçün ən birinci səbəbdir”.

 

Arzu Məmmədova da yüksək balla doğmalarını sevindirən məzunlardandır. O, Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın məzunudur. Buranı qırmızı attestatla bitirib. 564 bal toplayaraq Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsinə qəbul olunub.

 

Arzu deyir ki, dərs oxumaq onun üçün hər şeydən öndə olub: “Hələ uşaq ikən başımdakı ağrılar və gözlərimdə olan zəiflik mənə dərs oxumağa mane olurdu. Amma qarşıma qoyduğum məqsəd o qədər güclü idi ki, heç nə məni dayandıra bilmədi və mən uşaqlıq arzuma nail oldum. Bu yolda mənə müəllimlərim, valideynlərim, məktəb rəhbərliyi və hazırlıq müəllimlərim çox dəstək oldular. Bunun üçün onlara çox minnətdaram. Mən səylərim və çalışqanlığım nəticəsində hədəfimə çatdım və tələbə adını qazandım. Bundan sonrakı hədəfim rezidenturanı da oxuyub üz-çənə cərrahı olmaqdır”.

 

Mələkxanım Əzizova növbəti yüksək nəticə göstərən gənclərdəndir.

 

Ağdaş şəhəri Maqsud Şeyxzadə adına humanitar və təbiət fənləri təmayüllü gimnaziyanın məzunudur və 680 balla ADA Universitetinin Hüquq fakültəsinə qəbul olunub. Gələcəkdə təhsilini xaricdə davam etdirməyi planlaşdırır.

 

“Ailəmin, müəllimlərin mənə çox böyük dəstəyi oldu. Universitet seçimində dəstəklərinə görə, xüsusilə təşəkkür edirəm onlara. Mən üzərimdə çox çalışdım, dərslərimə məsuliyyətlə yanaşdım. Gənc dostlara da tövsiyəm odur ki, uğur qazanmaq öz əllərindədir. Müəyyən vaxtlarda çətinlik çəkə bilərlər, amma öyrəndikcə görəcəklər ki, bəzi məsələlər onlar üçün asanlaşır. Hədəf qoysunlar, ona doğru addım atsınlar, o zaman mütləq uğur qazanacaqlar”.

 

Gülnarə İLHAM