Oleq Kuznetsovun azərbaycanlıların haqq səsinə səs verməsi xalqlar dostluğunun nümunəsi kimi dəyərləndirilib


Oktyabrın 15-də Sumqayıt Dövlət Univeristetində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun lektorlar qrupunun üzvü, rusiyalı politoloq və hüquqşünas alim Oleq Kuznetsov “Erməni millətçiliyi və alman nasizmi arasında ideoloji bağlantı”mövzusunda mühazirə oxuyub.

 

Bilik Fondunun və Sumqayıt İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə universitetin professor-müəllim, tələbə heyəti, elm və innovasiyalar üzrə prorektor, professor Ramazan Məmmədov,  humanitar məsələlər üzrə prorekto,r dosent Ramiz Hüseynov və Bilik Fondunun əməkdaşları iştirak ediblər.

 

Tədbirdə  prorektorlar professor Ramazan Məmmədov və  dosent Ramiz Hüseynov çıxış edərək Azərbaycan-Rusiya dostluğunun tarixindən və bu günkü elmi, iqtisadi, siyasi, mədəni əməkdaşlığından danışıb, erməni terrorizminin xalqımıza qarşı törətdiyi cinayətlər barədə həqiqətlərin dünyaya çatdırılmasının vacibliyindən bəhs ediblər. Natiqlər erməni terroru haqqında həqiqətlərini dünya ictimaiyyətinə çatdırdığına, xalqımıza qarşı törədilən cinayətləri əhatəli işıqlandırdığına görə Oleq Kuznetsova təşəkkürlərini bildiriblər. Rusiyalı alimin azərbaycanlıların haqq səsinə səs verməsi xalqlar dostluğunun nümunəsi kimi dəyərləndirilib.

 

Rusiyalı alim Oleq Kuznetsov yenidən Sumqayıt Dövlət Universitetində olmağından məmnunluğunu ifadə edib. O qeyd edib ki, belə görüşlərin mütəmadi keçirilməsində məqsəd  gənclərdə erməni vandalizminin işğalçılıq siyasətinin mahiyyətini açmaqdır. Görüşdə tarixçi alim erməni terrorizminin yaratdığı bəşəri faciələrdən, Azərbaycan xalqına qarşı törədilən soyqırımından geniş söhbət açaraq, apardığı araşdırmada erməni terrorunun tarixi, mahiyyəti barədə geniş faktlar əldə etdiyini, ermənilərin 1988-1994-cü illərdə Azərbaycanda həyata keçirdikləri terror aktlarını dərindən araşdırdığını bildirib. Oleq Kuznetsov onu da qeyd edib ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin üzərindən məxfilik qrifi götürülmüş arxiv materialları sovet dövlət təhlükəsizliyi orqanlarında Ermənistanda nasizm ideologiyasının mövcudluğunu təsdiq edən sənədlərin olduğunu üzə çıxarıb: “Erməni millətçiliyi və onun daşıyıcısı “Daşnaksütun” partiyası 1930-cu illərin ortalarınadək SSRİ dövlət təhlükəsizliyi orqanları tərəfindən ideoloji düşmən kimi qəbul edilib. Hələ o zaman daşnaklar nəzarət altında saxlanılırdı, daha fəal üzvlər isə hətta sürgün edilirdi”. Tarixçi vurğulayıb ki, Rusiya Dövlət Arxivinin SSRİ Daxili İşlər Xalq Komissarlığı fondunda Almaniya ordusunun əsir əsgərlərinin erməni millətçilərinin Üçüncü reyxə xidmət üçün cəlb olunması ilə bağlı dindirilməsi materialları yer alıb: “Onlardan biri nasist Almaniyasının baş təhlükəsizlik idarəsinin agenti, əslən Şamaxıdan olan və müharibəyə qədər Avstriyada yaşamış Peter Kamsarakyan olub. Sovet xüsusi xidmətləri üçün Kamsarakyan informasiya mənbəyi kimi vacib əhəmiyyət daşıyırdı, ona görə də onun işinə SSRİ daxili işlər naziri, general-polkovnik Kruqlov bilavasitə nəzarət edirdi. 1948-ci ilin noyabrında “tam məxfi” qrifi altında onun imzası ilə cəmi altı nüsxədə Stalin, Molotov, Beriya, Malenkov və digər rəsmilərin adına arayış tərtib olunmuşdu”.

          

Mühazirədən sonra diskusiya şəkilində müzakirələr aparılıb.