UNESCO-nun yeni hesabatında bildirilir ki, 2021-ci ildən bəri təhsildən kənarda qalan uşaq və yeniyetmələrin sayı 6 milyon nəfər artıb. Bu nəticə Birləşmiş Millətlər Təşkilatının təhsillə bağlı qarşıya qoyduğu məqsədlərə xələl gətirir. Təşkilatın Baş direktoru Odri Azulay dövlətləri bu sahədə təcili addımlar atmağa çağırıb. O deyib: “Milyonlarla uşağın gələcəyi sizdən asılıdır. Hazırda qlobal təhsilin vəziyyəti acınacaqlıdır. Son onilliklər ərzində hamı üçün keyfiyyətli təhsilin təmin edilməsi üçün xeyli səy göstərilsə də, UNESCO-nun aldığı məlumatlar göstərir ki, məktəbdən kənarda qalan uşaqların sayı durmadan artır”.
Təşkilatın açıqladığı yeni rəqəmlərə görə, qlobal miqyasda məktəbə getməyən uşaq və yeniyetmələrin sayı 2021-ci ildən bəri 6 milyon artıb və hazırda 250 milyona çatıb. Bu artım qismən Əfqanıstanda qızların və gənc qadınların kütləvi şəkildə təhsildən kənarlaşdırılması ilə bağlıdır. Eyni zamanda, bütün dünyada təhsilin tərəqqisində durğunluq davam edir.
UNESCO bildirir ki, bu vəziyyət 2030-cu ilə qədər hamı üçün keyfiyyətli təhsil hədəfini qoyan BMT-nin Dayanıqlı İnkişaf Məqsədinə (SDG) xələl gətirir. Əgər ölkələr öz milli SDG 4 hədəflərinə çatsaydı, bu gün ibtidai məktəbə qəbul yaşında olan daha 6 milyon uşaq məktəbəqədər təhsil alacaq, habelə 58 milyon azyaşlı, yeniyetmə və gənc orta təhsilə cəlb olunacaq, ən azı 1,7 milyon ibtidai sinif müəllimi hazırlanacaqdı.
Bir il əvvəl BMT-nin Təhsilin Transformasiyası Sammitində 141 ölkə SDG 4-ə doğru irəliləyişi sürətləndirmək üçün öz təhsil sistemlərini transformasiya etmək öhdəliyi götürmüşdü. “İndi bu öhdəliklər öz əksini əməli fəaliyyətdə tapmalıdır. Artıq vaxt itirmək olmaz. SDG 4-ə nail olmaq üçün indidən başlayaraq 2030-cu ilə qədər hər 2 saniyədən bir yeni uşaq məktəbə yazılmalıdır. Ölkələrin hədəflərinə çatması üçün 2030-cu ilə qədər hər il 1,4 milyon uşaq məktəbəqədər təhsilə cəlb edilməlidir”, -deyə UNESCO-nun Baş direktoru vurğulayıb.
Azərtac