Oktyabrın 15-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda ənənəvi Çin payızına həsr olunmuş "İki doqquzluq bayramı" qeyd olunub.

 

Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov uzunömürlülük əldə etmək üçün ay təqviminin doqquzuncu ayının doqquzuncu günündə əyninə zoğal ağacının budaqlarını geyinmək və xrizantem şərabı içmək adətini gündəmə gətirmiş Xan sülaləsinin imperatoru Lyu Ban ilə bağlı bayramın yaranması əfsanəsi barədə danışıb.

 

Seminarda çıxış edən Konfutsi İnstitutunun əməkdaşları bayramın ənənələri, fəlakətlərdən xilas olmaq və xoşbəxt həyat yaşamaq üçün dua edərək dağa qalxma mərasimi, düyü unundan hazırlanıb ərik çəyirdəkləri, xurma, qoz-fındıq, kişmiş ilə bəzədilmiş bayram şirniyyatlarının hazırlanması haqqında danışıblar.

 

Sonda ADU-nun tələbələri bayramın simvolu olan xrizantemlərə həsr olunmuş şeirlər səsləndiriblər.