Qırğızıstanda Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Birinci Türk Dövlətçilik Tarixi Konqresi keçirilib.

 

Tədbir Beynəlxalq Türk Akademiyası, Türk Tarix Qurumu, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu və Qırğız Respublikası Təhsil və Elm Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

 

Qurultay Avrasiya tarixi və arxeologiyası ilə bağlı geniş spektrli mövzuları əhatə edən monoqrafik tədqiqatların nəşri, tarix və digər fənlər üzrə ekspertlər arasında qarşılıqlı əlaqələrin təmin edilməsi və tematik dövri nəşrlərdə materialların dərc edilməsi məqsədi daşıyıb.

 

Beynəlxalq konqresdə antik dövrdən müasir dövrə qədər olan zamanı əhatə edən türk dövlətlərinin tarixi ilə bağlı məsələlər xronoloji olaraq müzakirə edilib.

 

Konqresdə çıxış edən  akademik Şahin Mustafayev tədbirin türk dövlətləri arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıb. 

 

Qeyd edək ki, konqresdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Monqolustan, Rusiya Federasiyası, Bolqarıstan, Ukrayna və digər ölkələrdən 50-dən çox türkoloq, Asiya, Avropa və Amerikadan tədqiqat mərkəzlərinin ekspertləri, diplomatik nümayəndələri iştirak ediblər.