2023/2024-cü tədris ilində ABŞ Dövlət Departamenti tərəfindən dəstəklənən İngilis dili Mütəxəssisləri (English Language Fellows) proqramı çərçivəsində TESOL mütəxəssisi Anna Cannon Mingəçevir Dövlət Universitetində (MDU) pedaqoji fəaliyyətə başlayıb.
Bu münasibətlə MDU-nun rektoru Şahin Bayramov qonaq mütəxəssis ilə görüşüb.
Rektor amerikalı mütəxəssisin MDU-da fəaliyyətə başlamasından məmnunluğunu ifadə edib. MDU-da İngilis dili fənninin tədrisinin keyfiyyətinin yüksəldilməsi, tələbə və əməkdaşların ingilis dili biliklərinin inkişaf etdirilməsi, ingilis dili müəllimlərinin peşəkarlığının artırılması istiqamətində görülən işlərdən söhbət açan Ş.Bayramov A.Cannonun bu istiqamətdə əhəmiyyətli töhfələr verəcəyinə inandığını söyləyib.
Səmimi görüşə və göstərilən diqqətə görə təşəkkürünü bildirən A.Cannon yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-da çalışmaqdan məmnunluğunu dilə gətirib və universitetin potensialının gücləndirilməsinə xidmət edəcək akademik fəaliyyətinin səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, qonaq mütəxəssis MDU-da bir il ərzində fəaliyyət göstərəcək. Bununla bağlı bütün xərclər ABŞ Dövlət Departamentinin İngilis dili Mütəxəssisləri proqramı tərəfindən qarşılanacaq.