O, professor-müəllim-tələbə heyətinə maarifləndirici təlim keçir
Rusiya Federasiyasının “Texnoanalit” Elm-istehsalat mərkəzinin (Tomsk şəhəri) laboratoriya müdiri Tatyana Tolmaçeva Lənkəran Dövlət Universitetində (LDU) təlim keçir.
Universitetin mətbuat xidmətindən “Azərbaycan müəllimi” qəzetinə bildirilib ki, rusiyalı mütəxəssis “baytarlıq”, “qida məhsulları texnologiyası”, “qida təhlükəsizliyi və ekologiyası”, “aqrokimya” laboratoriyalarında quraşdırılmış son nəsil texnologiyaları işlətmə metodunu təlim iştirakçılarına izah edir, həmin cihazlar üzərində təcrübələr aparılır. Aparılan təcrübi məşğələlərdə tələbə və müəllimlərin iştirakları təmin edilir.
Məlumat üçün qeyd edək ki, Lənkəran Dövlət Universitetinin aqrar yönümlü fakültələrində təhsil alan tələbə və magistrlərin təcrübi bacarıqlarını artırmaq , peşəkarlıqlarını yüksəltmək məqsədi ilə burada yeni laboratoriyalar quraşdırılıb. Müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarda işin səmərəliliyini artırmaq üçün maarifləndirici təlimlərə start verilib. Professor-müəllim-tələbə heyətinin qatıldığı treninq-təlimləri xaricdən dəvət olunmuş peşəkar mütəxəssislər aparır. Belə ki, bundan əvvəl də çinli mütəxəssislər iki həftə Lənkəranda təlim keçib.
Onu da bildirək ki, yeni avadanlıq və cihazların əksəriyyəti kompüter və internet şəbəkəsinə qoşulmaqla işləyir. Bu da alınan nəticələrin dəqiq və düzgünlüyünü təmin etməyə imkan yaradır.
Göstərilən laboratoriyalarda qida məhsullarının kimyəvi tərkibi ilə yanaşı, bitki və heyvan mənşəli toxuma və hüceyrələrin quruluşu, onlarda ətraf mühitin təsiri ilə baş verən dəyişikliklər, xammal və qida məhsullarının tərkibindəki qida əlavələrinin və zərərli birləşmələrin, maddə və elementlərin miqdarı və s. tədqiq ediləcək.
Ərzaq xammalları və qida məhsullarının, suyun, torpağın və s. tərkibində metalların , o cümlədən, ağır metalların miqdarının təyini məqsədi ilə təcrübi məşğələlərin təşkili tələbələrin ixtisas biliklərinin səmərəsini artırır, həm də peşəkar fəlaiyyətlərinə yardımçı olur.