Naxçıvan Dövlət Universitetində (NDU) 15 Sentyabr- Bilik Günü qeyd edilib. Tədbiri giriş sözü ilə universitetin rektoru Elbrus İsayev açaraq professor-müəllim heyətini və tələbələri təbrik edib, yeni dərs ilində hər kəsə uğurlar arzulayıb.

 

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda ali təhsil ocağının qarşıdakı mərhələlər üzrə perspektivləri müəyyən edilib. Dövlət Proqramında NDU ilə digər ölkələrin ali məktəbləri arasında əməkdaşlıqların güclənməsi, birgə proqramların təşkil olunması, həmçinin universitetlərdə yeni məzmunlu proqramların (SABAH, ingilisdilli tibb fakültəsi, tibbi tədqiqat klinikası və s.) tətbiqi üzrə layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Diqqətə çatdırılıb ki, Dövlət Proqramının səmərəli icrası nəticəsində artıq universitetin nəzdində ingilisdilli orta məktəb fəaliyyətə başlayıb. Bildirilib ki, məhz həmin sərəncamla ali təhsil ocağına yüksək etimad göstərilib. E.İsayev Azərbaycan təhsil tarixində ilklərə imza atan universitetın Dövlət Proqramının icrası istiqamətində mühüm töhfələr verəcəyini diqqətə çatdırıb.

 

Rektor yaradılacaq tibb kampusu və ali təhsil ocağında müasir dövrün tələblərinə uyğun ixtisasların üstünlüklərindən də danışıb.

 

Ali təhsil ocağında ingilisdilli ixtisasların sayının artdığını vurğulayan rektor deyib ki, bu, universitetin beynəlxalq aləmdə nüfuzuna öz müsbət təsirini göstərir.

 

Sonra tələbələr adından yüksək bal toplayan tədrisi ingilis dilində olan “Tibb” ixtisası üzrə I kurs tələbəsi İnci Fərəcova, “Kompüter mühəndisliyi” ixtisası üzrə I kurs tələbəsi Aytac Əsgərova, valideynlər adından isə Ramiz Qasımov çıxış edərək göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.

 

Daha sonra universitetin tanıtım videoçarxı nümayiş olunub.