Naxçıvan Müəllimlər İnstitutunda 15 Sentyabr- Bilik Günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə institutun professor-müəllim heyəti, birinci kurs tələbələri və valideynlər iştirak ediblər.
İnstitutun rektoru Azad Novruzov çıxış edərək Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli təhsil strategiyasının bu gün uğurla davam etdirildiyini bildirib, gənc nəslə göstərilən diqqət və qayğıdan, ali və ümumtəhsil məktəblərində təhsilin inkişafı istiqamətində görülən işlərdən danışıb. İnstitutda yaradılmış infrastrukturun, təhsil şəraitinin bunun bariz nümunəsi olduğunu vurğulayıb. A.Novruzov deyib ki, bu gün gənc nəslin üzərinə daha ciddi məsuliyyət düşür. Onlar yaradılmış şəraitdən daha səmərəli istifadə etməli, öz inkişaflarının qayğısına qalmalıdırlar.
İnstitutda qazanılan uğurlardan, qarşıda duran vəzifələrdən danışan A.Novruzov əlamətdar gün münasibəti ilə tələbələri təbrik edib, təhsillərində onlara uğurlar arzulayıb.
Tədbirdə “Tarix müəllimliyi” ixtisasına yüksək balla qəbul olan Natella Qazıyeva “İbtidai sinif müəllimliyi” ixtisasına qəbul olan Ləman Quliyeva və digər tələbələr sevinclərini tədbir iştirakçıları ilə bölüşüb, tələbə yoldaşlarına uğurlar arzulayıblar.
Sonda Naxçıvan Müəllimlər İnstitutu ilə bağlı videoçarx nümayiş olunub.